Gəncədə III MDB Oyunlarının bağlanış mərasimi keçirilib - FOTO - YENİLƏNİB
İdman
292
21:00, Bu gün

Gəncədə III MDB Oyunlarının bağlanış mərasimi keçirilib - FOTO - YENİLƏNİB

Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarının bağlanış mərasimi keçirilib.

Moderator.az xəbər verir ki, Gəncə Stadionunda təşkil olunan tədbir bədii hissə ilə başlayıb. Yarışlar haqqında ümumi videoçarx nümayiş etdirilib.

Sonra III MDB Oyunlarının Təşkilat Komitəsinin sədri Samir Şərifov yarışların uğurla başa çatdığını bildirib. O, deyib: "On bir gün ərzində Oyunlara ev sahibliyi edən Gəncə, Şəki, Qəbələ, Yevlax, Mingəçevir, Göygöl və Xankəndi şəhərləri möhtəşəm idman bayramının şahidinə və bilavasitə iştirakçısına çevrilib. Müstəqil Dövlətlər Birliyinə daxil olan 8 ölkənin və Oyunlara qatılan daha 5 ölkənin idmançıları 23 idman növü üzrə yarışlarda öz məharətlərini, əzmkarlıqlarını nümayiş etdirdilər. Onlar 235 dəst fərdi və komanda mükafatları uğrunda mübarizə apararaq milyonlarla idmansevərə unudulmaz sevinc, həyəcan, həmçinin qürur dolu anlar yaşatdılar. Bu möhtəşəm idman bayramının ərsəyə gəlməsi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə idmanın inkişafına göstərdiyi qayğının təzahürüdür. Əminliklə deyə bilərik ki, Azərbaycanda keçirilən III MDB Oyunlarının təşkilində ən yüksək standartlar təmin edilib".

Ardınca III MDB Oyunlarının bayrağı endirilib. Sonra Dövlət Himni səsləndirilib.

Tədbir bədii hissə davam edib.

Azərbaycan Oyunları ümumilikdə 184 medalla başa vurub. Bunların 33-ü qızıl, 56-sı gümüş, 95-i isə bürünc mükafatdır. Ölkəmiz bu göstərici ilə ümumi medal sıralamasında 2-ci yeri tutub. İlk sırada Rusiya qərarlaşıb. Beləliklə, Azərbaycan idmançıları 2021-ci ildən təşkil olunan MDB Oyunlarında ən yaxşı nəticəsinə imza atıb. Ölkəmiz I Oyunlarda 60 (16 qızıl, 16 gümüş, 28 bürünc), ikincidə isə 62 (10 qızıl, 17 gümüş və 35 bürünc) medal əldə etmişdi.

III MDB Oyunlarına Azərbaycanın yeddi şəhəri – Gəncə, Şəki, Qəbələ, Yevlax, Mingəçevir, Göygöl və Xankəndi ev sahibliyi edib.

19:30

Gəncə Stadionunda III MDB Oyunlarının bağlanış mərasimi keçirilir.

Moderator.az xəbər verir ki, tədbirdə rəsmi qonaqlar, beynəlxalq idman təşkilatlarının nümayəndələri, idmançılar və tamaşaçılar iştirak edirlər.

Qeyd edək ki, sentyabrın 28-də start götürmüş yarışa 13 ölkədən 1 624 idmançı və 2 337 nümayəndə qatılıb. Turnirdə Azərbaycanı 340, Pakistanı 4, Rusiyanı 262, Özbəkistanı 254, Belarusu 240, Qazaxıstanı 147, Tacikistanı 144, Qırğızıstanı 126, Türkmənistanı 48, Türkiyəni 38, Kubanı 11, Küveyti 6, Omanı isə 4 idmançı təmsil edib.

III MDB Oyunlarının qalibi 231 medalla Rusiya olub. Onların aktivində 130 qızıl, 61 gümüş, 40 bürünc medal var. Azərbaycan medal sıralamasında ikinci olub. Komanda Oyunlarda 184 (33 qızıl, 56 gümüş, 95 bürünc) medal qazanıb. İlk üçlüyü isə 122 medalla Belarus "qapayıb". Komanda 32 qızıl, 38 gümüş, 52 bürünc medala sahib çıxıb.

 

 

Link kopyalandı!
Son xəbərlər