Bizi sosial şəbəkələrdən izləyin:
"Qarabağ" futbol klubu Azərbaycanın və Qafqazın FIRST Robotics Competition" (Elm və Texnologiyanın Təşviqi və Tanınması üçün Robototexnika Müsabiqəsi) üzrə ilk və yeganə komandası olan "MecHack-9030" komandası ilə rəsmi əməkdaşlığa başlayıb.
Moderator.az-a bu barədə klubdan məlumat verilib.
Əməkdaşlıq çərçivəsində komanda "Qarabağ MecHack-9030" adını daşıyacaq, gənclərin inkişafı, intellektual sahələrin təşviqi və ölkəmizin beynəlxalq arenada tanıdılması istiqamətində birgə fəaliyyət göstərəcək.
"Qarabağ" Futbol Klubu olaraq, bu addımla gənclərin inkişafına, onların bacarıqlarının genişləndirilməsinə və Azərbaycan mədəniyyətinin tanıdılmasına verdiyimiz dəstəyi daha da gücləndiririk", - deyə məlumatda bildirilib.
"Qarabağ MecHack-9030" komandası Qafqaz və Azərbaycanın FRC üzrə ilk və yeganə komandasıdır. Komanda son üç ildə beynəlxalq yarışlarda Azərbaycanı uğurla təmsil edib və müxtəlif mükafatlar qazanıb.
Qeyd edək ki, "Qarabağ"ın sosial şəbəkə hesablarında "Qarabağ MecHack-9030" adını daşıyacaq komandanın loqosu paylaşıldıqdan sonra, klubun əksər azarkeşləri nə baş verdiyini anlamayıblar. Hətta əksəri Ağdam təmsilçisinin loqosunu dəyişdiyini düşünüb.