Bizi sosial şəbəkələrdən izləyin:
“Azərbaycanın hər bölgəsindən bu oyuna maraq çoxdur. Bu rəqibə qarşı bacardığımız qədər yaxşı hazırlaşdıq. İnanıram ki, futbolçularım öz oyunu ilə azarkeşləri sevindirməyi bacaracaqlar”.
Moderator.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının II turunda Danimarka təmsilçisi “Kopenhagen”ə qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında deyib.
“Sevindirici haldır ki, belə böyük turnirin Bakıda oyunu keçiriləcək. Həm sevincli, həm də məsuliyyətliyik. “Qarabağ”a diqqət varsa bu, Azərbaycana olan diqqətdir. Ümumilikdə, belə oyunlarda qələbələr futbolçulara inam verir. Həm də futbola yatırım qoymaq istəyənlərə ilham verir. Futbol idmanın şahıdır. Burada qazanılan qələbələr illərlə danışılır. Bunu düşünərək yola çıxırıq. Ən vacibi odur ki, bu gün hamı inamla stadiona gəlir. Biz bunu dərk edirik. Həyacan təbii ki, var. Həmişə demişəm ki, həyəcan varsa, məsuliyyət var. Ola bilər, ilk dəqiqələrdə həyəcan olsun, buna görə, yıxıla, uduza, hirslənə bilərsən. İnanıram ki, bu həyəcan qələbə ilə nəticələnəcək” - 53 yaşlı mütəxəssis bildirib.
Q.Qurbanov “Kopenhagen”in çox yaxşı komanda olduğunu vurğulayıb: “Oyun üslublarına sadiq qalırlar. Bu da əsas üstünlükləridir. 2017-ci ildəkindən fərqli olaraq, indiki “Kopenhagen”in oyun üslubunda bəzi dəyişikliklər var. Amma klub oyun fəlsəfəsinə sadiq qalır, ciddi dəyişiklik görmürəm”.
Qeyd edək ki, “Qarabağ” – “Kopenhagen” oyunu oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Niderlandlı hakim Sərdar Gözüböyünün idarə edəcəyi qarşılaşma saat 20:45-də start götürəcək.