Gəncədə III MDB Oyunlarının rəsmi açılış mərasimi baş tutub
İdman
492
28 Sep 2025 | 20:28

Gəncədə III MDB Oyunlarının rəsmi açılış mərasimi baş tutub

Bu gün, 28 sentyabr tarixində, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə yeni istifadəyə verilmiş Gəncə Stadionunda III MDB Oyunlarının rəsmi açılış mərasimi baş tutub.

Öncə Azərbaycan Respublikasının Dövlət bayrağı qaldırılıb, sonra isə himnimiz səsləndirilib. Ardından III MDB Oyunlarının iştirakçı ölkələrinin paradı baş tutub. Azərbaycan bayrağını karateçi Asiman Qurbanlı və taekvondoçu Zemfira Həsənzadə daşıyıblar.

Təntənəli tədbirdə Azərbaycan Respublikası baş nazirinin müavini, III MDB Oyunlarının Təşkilat Komitəsinin sədri Samir Şərifov çıxış edərək, qonaqlar, atletlər, məşqçilər və idmansevərləri salamlayıb. O qeyd edib ki, 10 gün davam edəcək yarışlarda Müstəqil Dövlətlər Birliyi ölkələrindən, həmçinin, Oyunlara qatılan Türkiyə, Pakistan, Oman, Kuba və Küveytdən 2 400 nəfərlik idman nümayəndə heyətləri iştirak edir. "Bu idman oyunları dostluq, sülh, qarşılıqlı hörmət meyarlarına əsaslanan ədalətli mübarizə meydanı olacaq, ölkələrimiz, xalqlarımız arasında əməkdaşlığın genişlənməsinə, münasibətlərin daha da dərinləşməsinə mühüm töhfə verəcək", - deyə Komitənin sədri bildirib.

Daha sonra MDB baş katibinin müavini Nurlan Seytimov çıxış edib. O MDB baş katibi Sergey Lebedevin təşkilatçılara, iştirakçılara və qonaqlara müraciətini səsləndirib. N.Seytimov III MDB Oyunlarının Birliyin idman hərəkatı tarixində parlaq iz buraxacağı və əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcəyini əminliklə ifadə edib.

Bunun ardından, III MDB Oyunlarının and içmə mərasimi keçirilib. İdmançılar adından çövkən üzrə Milli yığma komandanın kapitanı, dünya və Avropa çempionu Elçin Camallı, məşqçilər adından sərbəst güləş üzrə yığma komandanın baş məşqçisi Əsgərxan Novruzov, hakimlər adından isə bədii gimnastika üzrə beynəlxalq dərəcəli hakim Ləman Cəbrayılova and içiblər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev III MDB oyunlarını rəsmi olaraq açıq elan edib. Bunun ardından III MDB oyunları üçün hazırlanan rəsmi mahnı sədaları altında MDB bayrağı qaldırılıb.

Açılış mərasimi bədii hissə ilə davam edib. Tamaşaçılar Qarabağ atlarının möhtəşəm çıxışını izlədilər. Bundan başqa, səmaya sülh rəmzi olan ağ göyərçinlər buraxıldı. Açılış mərasimi dronların şousu və möhtəşəm atəşfəşanlıqla bitdi.

Qeyd edək ki, Oyunların bağlanış mərasimi 8 oktyabr tarixində Gəncə stadionunda baş tutacaq.

Gəncə Stadionunda III MDB Oyunlarının açılış mərasimi keçirilir.

Moderator.az "Report"a istinadla xəbər verir ki, tədbirdə rəsmi qonaqlar, beynəlxalq idman təşkilatlarının nümayəndələri, idmançılar və tamaşaçılar iştirak edirlər.

Açılış paradında Azərbaycan bayrağını karateçi Asiman Qurbanlı və taekvondoçu Zemfira Həsənzadə daşıyacaqlar.

Qeyd edək ki, iki gün əvvəl start götürən yarışa 13 ölkədən 1 624 idmançı və 2 337 nümayəndə qatılıb. Turnirdə Azərbaycanı 340, Pakistanı 4, Rusiyanı 262, Özbəkistanı 254, Belarusu 240, Qazaxıstanı 147, Tacikistanı 144, Qırğızıstanı 126, Türkmənistanı 48, Türkiyəni 38, Kubanı 11, Küveyti 6, Omanı isə 4 idmançı təmsil edir.

Yarışın bağlanış mərasimi oktyabrın 8-də, Gəncə Stadionunda baş tutacaq.

 

 

 

Link kopyalandı!
Son xəbərlər