Elvin Camalov “Neftçi”nin problemini açıqladı: “Bu təsirdən hamımız birlikdə çıxmalıyıq”
İdman
169
10:37, Bu gün

Elvin Camalov “Neftçi”nin problemini açıqladı: “Bu təsirdən hamımız birlikdə çıxmalıyıq”

“Neftçi” Azərbaycan Premyer Liqasının IV turunda “Sabah”la qolsuz heç-heçə edib. Nəticədə paytaxt təmsilçisi 4 turdan sonra 3 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb. Matçdan sonra “ağ-qaralar”ın yarımmüdafiəçisi Elvin Camalov Teleqraf-a müsahibə verib.
 
Müsahibəni təqdim edirik.
 
- Oyunla bağlı fikirləriniz necədir?
 
- İlk dəqiqədən matç bizim üstünlüyümüz şəraitində keçdi. Sadəcə qol vura bilmədik. Sonda təhlükəli epizodumuz oldu, amma faydasız alındı.
 
- Düşünüsünüz ki, “Neftçi” 2 xal itirdi?
 
- Məncə, hə. Sona qədər “Sabah”dan üstün olduq. Çatmayan yeganə məqam qol vura bilməməyimiz oldu.
 
- Görüşün 31-ci dəqiqəsində Emin Mahmudov rəqib qapısına zərbə endirən zaman qapıçı Stas Pakatilovla epizod oldu. Amma İnqilab Məmmədov VAR-a getdikdən sonra 11 metrlik zərbənin olmadığına qərar verdi. Siz necə düşünürsünüz?
 
- Məncə, hakimin 50/50 qərarından asılı idi. Çünki bəzi qaydalar var, verə də bilərdi. Düşündüm ki, əgər VAR-a gedibsə, penaltini verməyəcək. Getməyib, öz qərarı ilə verə bilərdi. Elə bildim ki, VAR-dakı hakim onu qərar verməsi üçün çağırıb. Hesab edirəm ki, 50/50 qərarından imtina etməyi seçdi.
 
- Baş məşqçiniz Samir Abasov mətbuat konfransında “o epizod bizim qapımızda olsaydı, penalti 100 faiz veriləcəkdi” deyib.
 
- Mən də elə düşünürəm. Çünki top qapıya açıq-aydın gedirdi, Emin Mahmudov qapıya zərbə endirmişdi. Məncə, rəqibin əlinə dəydi və bu baxımdan penalti olduğunu düşünürəm.
 
- Fərqindəsinizsə, ürəkaçmayan nəticələrə görə azarkeşlər də özündən çıxır…
 
- Əlbəttə, azarkeşlər bizdən hər zaman daha yaxşısını və yuxarı pillələrdə olmağımızı gözləyir. Bu mövsüm yenilənmiş komandamız var, yeni oyunçular qoşulub. Komanda daxilində hər zaman danışırıq ki, udmaq lazımdır. Bizə bir qələbə lazımdır ki, daha yaxşı motivasiya alaq. Artıq ikinci oyundur ki, rəqibdən üstün oynayırıq, sadəcə qol vura bilmirik. Düşünürəm, problem bundadır. Qol vursaq və qələbə qazansaq, hər şey düzələcək.
 
- Hakimlərin “Neftçi”yə bu cür davranışları, yəni çox zaman əleyhinizə qərarlar verməsi sizə psixoloji olaraq necə təsir edir?
 
- Biz oyunun içində olarkən bu halları o qədər də hiss etmirik. Sonra epizodları izləyəndə görürük ki, həqiqətən də bizim əleyhimizə bəzi qərarlar çox verilir.
 
- Hazırda turnir cədvəlinin 10-cu pilləsindəsiniz. Mövsümə bu qədər iddialı başlayıb sonra zəif nəticələr göstərmək komandada əlavə təzyiq yaradıb?
 
- Hər zaman biz də yuxarılarda olmaq istəyirik. Azarkeşlər bizdən daim yaxşı nəticə gözləyir. Çünki “Neftçi” flaqmandır. Hamı bizi yuxarılarda görmək istəyir. Əlbəttə, bu da bizə psixoloji təsir göstərir. Bu oyun bərabərliklə bitdi, amma sanki məğlub olmuşuq kimi hiss yarandı. Çünki həmişə qələbə üçün çalışırıq və gözləntilər də bu yöndədir. Sadəcə bu təsirdən azarkeşlər də, komanda da, bir sözlə hamımız birlikdə çıxmalıyıq.
 
- “Sabah”ın sabiq kapitanı olaraq, bu komandaya qarşı oyunlar daha motivasiyalı oynayırmı?
 
- Bütün oyunlara ciddi şəkildə hazırlaşıram. Motivasiya baxımından da fərq yoxdur. “Sabah”la görüş də mənim üçün önəmli oyunlardan biridir.
 
- Ötən mövsüm meydanda daha çox idiniz, amma yeni mövsümdə daha çox ehtiyat oyunçular skamyasından daxil olursunuz. Bu sizə psixoloji olaraq necə təsir edir?
 
- Əlbəttə, çempionatda legioner limiti ləğv edildikdən sonra rəqabət artıb. Əvvəllər limitə görə daha çox şansımız olurdu, indi isə daha çox rəqabət aparmaq məcburiyyətindəyik. Bu baxımdan çalışıram ki, rəqabətdə qalib gəlib şans qazana bilim.
 
- Bu oyunla “Neftçi” çempionluq üçün mübarizə apara biləcək?
 
- İndidən nəsə demək tezdir. Çünki qarşıda çox oyunlarımız var. Düşünürəm ki, gələcəkdə daha çox çalışaraq, səhvlərimizi aradan qaldırıb yaxşı yerlərdə olacağıq. Bunun üçün də əlimizdən gələni edəcəyik.
 
- Milli komandada baş məşqçi postu boşalıb. Siz yerli, yoxsa əcnəbi mütəxəssisin gəlişini istərdiniz?
 
- Əlbəttə, yerli məşqçi olsa, milli ruh baxımından daha yaxşı olar. Düşünürəm, Ayxan Abbasov yığmanın baş məşqçisi kimi Ukrayna ilə oyunda yaxşı nəticə qazandı. Yerli baş məşqçi kimi daha faydalı olacağına inanıram.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər