Bizi sosial şəbəkələrdən izləyin:
"Kosovo və İrlandiya ilə matçlarda qalib gəlməyə çalışacağıq".
Bu fikirləri "Report"a açıqlamasında kişi basketbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Tahir Baxşıyev deyib.
Mütəxəssis yığmanın dünya çempionatının seçmə mərhələsində keçirəcəyi iki oyunla bağlı fikirlərini bölüşüb:
"Hədəflərimiz dəyişmir. Çünki növbəti mərhələ şanslarımız davam edir. Meydançaya qalibiyyət üçün çıxacağıq".
O, bu gün komandanın növbəti oyunlar üçün ilk məşqinin gerçəkləşdiyini söyləyib:
"Fevralın 17-dək Bakıda hazırlaşacağıq. 18-i Kosovoya yollanacağıq. Fevralın 20-də meydan sahibləri ilə üz-üzə gələcəyik. Yığma üzvləri normal qaydada məşq edirlər. Əsas odur ki, zədəli oyunçularımız yoxdur. Bu dəfə daha çox gənc basketbolçuları heyətə cəlb etdik. Hətta 16 yaşlı oyunçular da məşqlərdə iştirak edirlər".
Qeyd edək ki, Azərbaycan millisi fevralın 20-də səfərdə Kosovo, üç gün sonra Bakıda İrlandiya ilə üz-üzə gələcək. İsveçrə A qrupunda 8 xalla liderdir. İrlandiya 6 xalla ikinci, Azərbaycan yığması 5 xalla üçüncüdür. Eyni xala malik Kosovo dördüncü sıradadır.