Bizi sosial şəbəkələrdən izləyin:
“Qarabağ”a ikinci dəfə qayıdan braziliyalı vinger Kadi Borxes Macarıstan mətbuatına qalmaqallı açıqlamalar verib.
Modern.az-ın məlumatına görə, o, m4sport.hu saytına müsahibəsində “Ferençvaroş” rəhbərliyinin və məşqçilərinin onu heyətdə görmək istəmədiyini bildirib:
“Klubun mənimlə müqaviləni ləğv etmək istəməsi sürpriz oldu. Növbəti oyuna hazırlaşırdım, amma idman direktoru Tamas Hanyal zəng etdi və “Qarabağ”dan Julio Romao ilə dəyişdirilmək istəyib-istəmədiyimi soruşdu. Ona cavabım isə belə oldu ki, klub və mənim üçün xeyirli olacaqsa, razıyam. Zəng zamanı düşünürdüm ki, hələ indi danışıqlar başlayır, amma sən demə klublar razılaşıblarmış. Menecerim də təəccüb içində idi. Çünki biz hələ də bunun səbəbini anlamırıq. Uzunmüddətli müqaviləm var idi. Klubdan ayrılmağım üçün heç bir səbəb göstərmədilər. Düşünürəm ki, onlar məni komandada görmək istəmirdilər. Ona görə də belə oldu. Fikrimcə, heç bundan baş məşqçi Robbi Kinin də xəbəri yox idi. “Qarabağ”da Julio Romaonun qarşılığında pul yox, məni istədi”.
O, Azərbaycana qayıtmaqdan məmnun olduğunu da sözlərinə əlavə edib: “Mən çox sevinirəm ki, mənə hörmət edilən, qiymət verilən yerdəyəm. Təkcə mənə də deyil, burada bütün futbolçulara inanırlar. Burada ruhumda bir dinclik, sakitlik var. İndi məşqə köklənməyin vaxtıdır ki, mən mümkün qədər tez meydana qayıda bilim. Və komandama təkcə qısa müddətdə deyil, həm də uzunmüddətli perspektivdə məqsədlərinə çatmaqda kömək edim”.