“Neftçi”nin oyunçusu: 
İdman
577
13:58, Bu gün

“Neftçi”nin oyunçusu: "Belə azarkeşi olan komanda üstün futbol oynamalıdır"

"Yerli futbolçular hər zaman öz aramızda da, legionerlərlə də mübarizə aparıb. Legioner limiti ləğv olunsa da biz yenə rəqabəti davam etdirəcəyik”.
 
Bu sözləri jurnalistlərə Azərbaycan milli komandasının və “Neftçi”nin futbolçusu Elvin Camalov Azərbaycan Premyer Liqasının XXI turunda “Şamaxı”nı 1:0 hesabla məğlub etdikləri matçdan sonra deyib.
 
30 yaşlı yarımmüdafiəçi çətin qələbəni şərh edib, qarşıdan gələn Azərbaycan kubokunun ¼ final mərhələsinin oyunlarından danışıb:
 
“Birinci dəqiqədən sona qədər döyüşdük. Hər iki tərəf istəkli idi. Sadəcə, daha çox istəkli olan tərəf qalib gələcəkdi və biz qalib olduq. Çoxdandır qələbə qazana bilmirdik, turnir cədvəlinin aşağı yerlərindəyik. Bu 3 xal bizi motivasiya baxımdan daha da həvəsləndirdi. Düşünürəm ki, Azərbaycan kubokunda bizi çətin oyunlar gözləyir. Bütün rəqiblər yaxşı hazırlaşır. Amma kim istəkli olub, daha döyüşkən mübarizə aparacaqsa, o, qalib gələcək. Əlimizdən gələnin ən yaxşısını edib, kubok oyunlarında azarkeşlərimizi sevindirmək istəyirik”.
 
Elvin Camalov bir müddət əvvəl “Sabah”dan “Neftçi”yə keçidi barədə fikir bildirib:
 
"Mən “Neftçi”yə yeni gəlmişəm. Ümid edirəm problemlər hamısı tezliklə yoluna qoyulacaq. Buradakı problemlərdən danışmaq mənə düşməz. “Neftçi” kimi azarkeşi olan komanda daha yaxşı yerdə olmalı, daha üstün futbol oynamalıdır.
 
“Sabah”da kapitan olduğum dönəmlərdə də çalışmışam ki, komanda olaraq əzmkar oyun nümayiş etdirək. Bütün komanda şəklində yaxşı mübarizə aparacağımıza inanıram. “Sabah”dan ayrılmağıma səbəb Vasili Berezutskinin gəlişindən sonra az şans qazanmağım idi. İllərdi komandada kapitan idim. Bir məşqçi məni düşünmürsə, mən də milli komandanın üzvüyəmsə, orda qalıb oturmaq yerinə başqa komandaya faydalı ola biləcəyimi düşündüm”.
 
Qeyd edək ki, “Neftçi” Azərbaycan kubokunun ¼ final mərhələsi çərçivəsində fevralın 5-i səfərdə “Kəpəz”lə qarşılaşacaq.
Link kopyalandı!
Son xəbərlər