Bizi sosial şəbəkələrdən izləyin:
"Fiorentina"nın yarımmüdafiəçisi Edoardo Bovaya İtaliyada futbol oynamaq qadağan oluna bilər.
Publika.az xəbər verir ki, bu barədə “La Nazione” məlumat yayıb.
Həkimlər italyalı futbolçunun mümkün ürək patologiyasını müəyyən etmək üçün genetik testlər keçirməyi planlaşdırırlar. Həkimlər Bovenin ürək problemlərinin anadangəlmə aritmogen kardiomiopatiyaya səbəb ola biləcəyini irəli sürürlər. Diaqnoz təsdiqlənərsə, yarımmüdafiəçiyə kardioverter-defibrilator implantasiyası lazımdır.
A Seriyasının reqlamentində futbolçuların kardiostimulyatorla oynamasını qadağan edən bənd var. Bu da 22 yaşlı futbolçunun ən yaxşı halda ölkə xaricinə üz tutmasına səbəb ola bilər.
2021-ci ildə Avropa çempionatı matçında ürək tutması keçirən Danimarka millisinin yarımmüdafiəçisi Kristian Eriksen də oxşar vəziyyətlə üzləşib. Hadisədən sonra futbolçuya kardioverter-defibrilator quraşdırılıb və bu səbəbdən o, “İnter”lə müqaviləsini pozmaq məcburiyyətində qalıb.
Qeyd edək ki, Bove bazar günü A Seriyasının 14-cü turunun “İnter”lə oyununda huşunu itirib. Həkimlərin müdaxiləsindən sonra səhhətindəki problem nisbətən aradan qalxıb. O, hazırda xəstəxanada həkim nəzarətindədir.
Bu mövsüm Bove "Fiorentina"nın heyətində 14 oyun keçirib, 1 qol vurub və 4 məhsuldar ötürmə edib.