Çempionlar Liqasında tarixi rekordlar və son qoyulan seriyalar - STATİSTİKA
İdman
2220
08 Nov 2023 | 11:41

Çempionlar Liqasında tarixi rekordlar və son qoyulan seriyalar - STATİSTİKA

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) UEFA Çempionlar Liqasında (ÇL) qrup mərhələsinin IV turunda qeydə alınan rekordları açıqlayıb.
 
Moderator.az report-a istinadən xəbər verir ki, bununla yanaşı, bəzi uğursuz seriyalara da son qoyulub.
 
- Şotlandiya “Seltik”ini 6:0 hesabı ilə məğlub edən İspaniya klubu “Atletiko” Çempionlar Liqasında ən böyükhesablı qələbəsini qazanıb. Madridlilərin buna qədər ən uğurlu matçı 2014-cü ildə “Malmö” (İsveç) üzərində 5:0 hesablı qalibiyyət olmuşdu. Komanda 1958-ci ildə Avropa Kubokunda “Drumkondra”nı (İrlandiya) 8:0 hesabı ilə üstələyib.
 
- “Seltik”lə qarşılaşmada dubl edən Antuan Qrizmann karyerasında ilk dəfə ÇL-in ardıcıl 3 görüşündə qol vurub. Bu, fransalı forvardın avrokuboklarda 100-cü matçı idi (Çempionlar Liqasında 91, Avropa Liqasında 8, UEFA Superkubokda 1 oyun). O, “Real Sosyedad”da 8, “Barselona”da 16, “Atletiko”da 76 avrokubok qarşılaşmasına çıxıb.
 
- “Atletiko” “Vanda Metropolitano”da keçirdiyi son 16 oyunda qalib gəlib (La Liqada 14, Çempionlar Liqasında 2). Bu, 2012-2013-cü illər aralığında ardıcıl 20 qələbədən (“Visente Kalderon”da) sonra rəsmi matçlarda evdə əldə edilən ən uzun ikinci uğurlu seriyadır.
 
- “Seltik” isə ÇL-də ən ağır ikinci məğlubiyyətini alıb. Şotlandlar 2017-ci ildə Fransa təmsilçisi PSJ-yə 1:7 hesabı ilə uduzub. Ən ağır yenilgi 2016-cı ilə təsadüf edib. Həmin vaxt İspaniya nəhəngi “Barselona” “Seltik”i 7 cavabsız qolla üstələyib.
 
- “Barselona” Ukraynanın “Şaxtyor” klubuna 3-cü dəfə məğlub olub – 0:1. Kataloniyalılar 2004-cü ildə Donetskdə 0:2, 2008-ci ildə evdə 2:3 hesabı ilə rəqibə uduzmuşdular. Çempionlar Liqasında yalnız 4 klub “Barsa”nı daha çox məğlub edib. Almaniya “Bavariya”sı 10 dəfə İspaniya nəhənginə məğlubiyyət acısı yaşadıbsa, “Milan” (İtaliya), “Çelsi” (İngiltərə) və PSJ (Fransa) hərəyə 4 dəfə bu rəqibi üstələyiblər.
 
- Robert Levandovski “Barselona”nın heyətində bütün turnirlərdə keçirdiyi son 6 oyunda qol vura bilməyib (La Liqada 4, Çempionlar Liqasında 2). O, sonuncu dəfə sentyabrın 23-də ölkə çempionatında “Selta” ilə qarşılaşmada fərqlənib. Bu, 2010-cu ilin dekabrından 2011-ci ilin fevralına qədər Dortmund “Borussiya”sındakı 10 matçlıq uğursuz çıxışıdan bəri Levanın klub karyerasında ən pis seriyadır. Forvard 2016-cı ildə Polşa millisində ardıcıl 6 qarşılaşmada qol vura bilməmişdi.
 
- “Barselona”ya 1:0 hesabı ilə qalib gələn “Şaxtyor” avrokuboklarda 17 oyundan sonra ilk dəfə qol buraxmayıb.
 
- İtaliya klubu “Latsio”ya Niderland “Feyenoord”u üzərində qələbə qazandıran Çiro İmmobile romalıların heyətində bütün turnirlərdə 200-cü qolunu vurub. Forvard “Latsio”da bu həddə çatan ilk oyunçudur.
 
- PSJ-ni 2:1 hesabı ilə məğlub edən “Milan” Çempionlar Liqasında 5 oyundan sonra qol vurmağı bacarıb. Bununla “rossonyerlər” İtaliya klublarının ən uğursuz seriyasına son qoyub.
 
- “Milan”ın hücumçusu Olivye Jiru 37 yaş 38 günündə fərqlənərək, turnir tarixinin ən yaşlı fransalı qolçusu ünvanını ələ keçirib. Ona qədər rekord 2002-03 mövsümündə “Mançester Yunayted”in (İngiltərə) heyətində “Olimpiakos”la (Yunanıstan) matçda (3:2) qol vuran Loran Blana (36 yaş 338 gün) məxsus idi.
 
- Belçika klubu “Antverpen”lə görüşdə fərqlənən Portuqaliya “Portu”sunun müdafiəçisi Pepe qitənin ən nüfuzlu klub turnirinin tarixinə düşüb. 40 yaş 254 günündə qol sevinci yaşayan Pepe ÇL-in ən yaşlı qolçusu ünvanına yiyələnib.
 
Link kopyalandı!
Son xəbərlər