Bizi sosial şəbəkələrdən izləyin:
"Daim dəvət almaq üçün ikiqat çalışmalı və özümü göstərməliyəm".
Bunu "Report"a açıqlamasında ilk dəfə rəsmi oyunlar üçün Azərbaycan millisinin heyətinə cəlb edilən qapıçı Rəşad Əzizli deyib.
"Qəbələ" klubundan yığmaya dəvət alan 29 yaşlı qolkiper komandada yer aldığı üçün xoşbəxt olduğunu bildirib: "Milliyə çağırıldığıma görə çox sevindim. Mənə inandığı üçün baş məşqçi Canni De Byaziyə minnətdaram. Çünki yığmada oynamaq hamının arzusu və xəyalıdır".
Əzizli AVRO-2024-ün seçmə mərhələsində Estoniya və Avstriya ilə matçlar barədə də fikirlərini bölüşüb: "Həmişə komandamızdan uğur gözləyirik. Düşünürəm ki, qarşıdakı iki görüşdə yaxşı nəticə əldə edə bilərik".
Qeyd edək ki, Rəşad Əzizli daha əvvəl yoldaşlıq oyunları üçün Azərbaycan millisinə cəlb olunsa da, debüt etməyib. Oktyabrın 13-də Estoniyanın qonağı olacaq Canni De Byazinin komandası bundan üç gün sonra Avstriyanı qəbul edəcək.