
Federasiya Prezident İlham Əliyevin tövsiyələrini inamla qələbəyə çevirməkdədir
Xəbər verdiyimiz kimi, Almaniyanın Düsseldorf şəhərində at polosu üzrə 14-cü Avropa Çempionatında Azərbaycan Respublikasını təmsil edən idmançılar yüksək nəticəyə imza atıblar. Belə ki, idmançılarımız güclü rəqiblərlə mübarizə şəraitində əldə etdikləri ard-arda qələbələr nəticəsində Avropa Çempionatında gümüş medala layiq görülüb.
Bu münasibətlə Dövlət Sərhəd Xidmətinin Aparatında respublikamızı mötəbər yarışda təmsil edən heyətin mükafatlandırılması məqsədi ilə təntənəli tədbir təşkil edilib. Tədbirdə iştirak edən Atçılıq Federasiyasının Prezidenti Elçin Quliyev idmançılarımızı tərik edib, onları şəxsən mükafatlandırıb.
Bu, sadəcə idman uğuru deyil, həm də tarixi və mənəvi nailiyyətdir
Azərbaycan Atcılıq Federasiyasının Düsseldorfda əldə etdiyi zəfər sadəcə böyük idman uğuru deyil. Bu, həm də xalqımızın tarixi və mənəvi nailiyyətidir. Bu zəfərin nə qədər böyük və anlamlı olduğunu anlamaq üçün bəzi tarixi həqiqətlərə nəzər salmaq kifayətdir.
Aydındır ki, ölkəmizdə atçılığın qədim tarixi mövcuddur. Azərbaycan və xüsusilə də Qarabağ atlarının şöhrəti hələ antik dövrdən etibarən bütün dünyada yayılmış, çox böyük şöhrət qazanmışdır. Azərbaycan atlarına beynəlxalq aləmdə marağın bunca böyük olmasına səbəb isə bu atların hədsiz dözümlü və çevik olması, eyni zamanda öz görünüşü etibarı ilə də göz oxşaması idi. Başqa sözlə desək, Qarabağ atları fiziki dözümlülüklə estetik gözəlliyi özündə birləşdirdiyi üçün haqlı olaraq nadir nüsxə hesab edilirdi. Məhz buna görə də dünyanın ən zəngin insanları, eləcə də qüdrətli dövlətləri bu atları əldə etməyə can atıb, öz sürülərində Qarabağ atlarının olması ilə fəxr ediblər.
Azərbaycan atları bütün tarixi dönəmlərdə uğur, yenilməzlik və əzəmət rəmzi sayılıb. Sonralar sovet dönəmində bu tendensiya əhəmiyyətli dərəcədə zəifləsə də, Azərbaycan ikinci dəfə öz müstəqilliyini əldə edəndən sonra bu sahəyə xüsusi diqqət yetirilib.
Milli tarixə, adət-ənəyə, milli dəyər və elementlərə mühüm önəm verən Ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevin dönəmlərində ölkəmizdə atçılığın inkişafı yeni vüsət alıb, bu sahəyə dövlət səviyyəsində böyük diqqət yetirilib. Prezident İlham Əliyevin diqqəti və qayğısı sayəsində Azərbaycan Atçılıq Federasiyası mahiyyət etibarı ilə öz inkişaf tarixində yeni mərhələyə yüksəlib, böyük uğurlara imza atıb. İdmançılarımızın 14-cü Avropa Çempionatında əldə etdiyi uğur da bunun göstəricisidir. Təbii, Federasiyanın rəhbəri Elçin Quliyevin də dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq gördüyü işlər, bu uğurlardakı xidməti qeyd olunmalıdır.
Atçılığın xalqımızın tarixindəki yerinə və yoluna nəzər saldıqda əminliklə demək olar ki, bu sahədə əldə edilən hər bir nailiyyət həm tarix, həm də mənəvi baxımdan son dərəcə qiymətli və əhəmiyyətlidir. Bu qələbələr ölkəmizin atçılıqla bağlı tarixi uğurların davam etdirilməsi, onun əzəzli şöhrətinin bərpa edilməsi və daha da genişlənməsi deməkdir. Bütün bunları bizə bəxş edən isə Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin rəhbərlik etdiyi Azərbaycan Atçılıq Federasiyası, onun fədakar kollektividir.
Prezidentin tövsiyələrini dövlətin qələbəsinə çevirən fədakarlar
Məlum olduğu kimi, bu gün bütün dünyada idman, onun hər bir istiqaməti həm də starteji sahə hesab edilir. Hər bir dövlətin idmanda əldə etdiyi uğur və uğursuzluq, dünya idmanındakı yeri və rolu onun bir dövlət kimi gücündən xəbər verir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev dəfələrlə idmançılarımızla söhbətində bu mühüm həqiqəti yada salıb, Azərbaycanın idmanda əldə etdiyi uğurların dövətin gücününün, qüdrətinin, yenilməzliyinin göstəricisi olduğunu vurğulayıb. Prezident İlham Əliyev 2013-cü ilin 24 iyul tarixində Kazanda keçirilən XXVII Ümumdünya Yay Universiadasının qaliblərini, mükafatçılarını, onların məşqçilərini və respublikanın idman mütəxəssislərini qəbul edərkən demişdir:
“İdman hər bir cəmiyyətin ümumi inkişafını göstərir. Bir daha demək istəyirəm ki, idman arenalarında ən böyük uğurları inkişaf etmiş ölkələr qazanır. Bu da təbiidir. Çünki bu ölkələrdə idmana diqqət daha da yüksək səviyyədədir, həm maddi-texniki baza möhkəmdir, həm investisiyalar qoyulur. Baxmayaraq ki, Azərbaycan gənc müstəqil dövlətdir, biz də öz gücümüzü artırırıq və idmana olan dövlət dəstəyi hesab edirəm ki, bu uğurların əldə edilməsində öz rolunu oynamışdır. Əlbəttə ki, məşqçilərin, idman mütəxəssislərinin çox peşəkar fəaliyyəti və idmançıların fədakarlığı bu ümumi inkişafa öz töhfəsini vermişdir.
Azərbaycanda idman ümummilli məsələdir. İdman cəmiyyətimizin ayrılmaz hissəsidir. Mən idmanla bağlı olan bütün tədbirlərdə qeyd edirəm ki, hər bir insan, xüsusilə, hər bir gənc mütləq idmanla məşğul olmalıdır. Lap idmançı olmasa belə, idmanla məşğul olmaq insana həm fiziki, həm mənəvi güc və əminlik verir. İdman mədəniyyətdir”.
Prezidentin məlum çıxışından da göründüyü kimi, idman ölkəmizdə ümummili məsələ hesab olunur və dövlətimizin ümumi güc göstəricisinin tərkib hissəsi kimi çıxış edir. Bu baxımdan Azərbaycan Atçılıq Federasiyasının Almaniyanın Düsseldorf şəhərində at polosu üzrə 14-cü Avropa Çempionatında əldə etdiyi uğur milli idman maraqlarımız baxımından tarixi əhəmiyyət kəsb edir.
Bu qələbə onu göstərir ki, Elçin Quliyevin rəhbərliyi altında Azərbaycan Atçılıq Federasiyası Prezidentin tövsiyələrini öz fəaliyyətində qələbəyə çevirməkdə, dövlətimizi beynəlxalq arenada uğurla təmsil etməkdədir. Bu qələbə onu sübut edir ki, Federasiya ölkə başçısının tövsiyələrini öz fəaliyyətində əsas mayak və yol xəritəsi hesab edir, dövlətimizin gücünün və şöhrətinin artması üçün əsl fədakarlıq sərgiləyir. Və idmançılarımızın Almaniyadakı zəfəri ona deməyə əsas verir ki, Azərbaycan Atçılıq Federasiyası bundan sonra da dövlətimizin idman şərəfini uğurla qoruyacaq, üçrəngli bayrağımızı qürurla dalğalandırmada davam edəcək.
Seymur ƏLİYEV





























