İngiltərə Premyer Liqasında V turun oyunları keçirilir.
Lider “Mançester Siti” səfərdə “Vest Hem”dən güclü olub - 1:3.
Hesabı Ceyms Uord-Prauzla meydan sahibləri açsalar da, Jeremi Doku, Bernardu Silva və Erlinq Holandın qolları “şəhərlilər”ə qələbə qazandırıb.
Beş matçda maksimum nəticə göstərən - 15 xal qazanan “Mançester Siti” vahid liderdir. 10 xalı olan “Vest Hem” altıncı yerə düşüb.
“Mançester Yunayted” turu məğlubiyyətlə başa vurub. “Qırmızı şeytanlar” öz meydanında “Brayton”a uduzublar - 1:3. Dennis Uelbek, Paskal Qros və Joau Pedronun qollarına Erik ten Haqın komandasından yalnız Hannibal Mecbri cavab verməyi bacarıb.
Mövsümə uğursuz başlayan “Mançester Yunayted” altı xalla 12-ci yerdədir. “Brayton” isə xallarını 12-yə çatdıraraq dördüncü pilləyə yüksəlib.
“Tottenhem” bu tur çətinliklə qələbə qazanıb. London təmsilçisi öz meydanında “Şeffild Yunayted”dən güclü olub - 2:1. Qustavo Hamerin qonaqları hesabda irəli keçirdiyi qarşılaşmanın 90+8-ci dəqiqəsində Rişarlison bərabərliyi təmin edib. 90+11-ci dəqiqədə isə Deyan Kulusevski Ange Postekoqlunun komandasına qələbə qazandırıb.
Xallarını 13-ə çatdıran “Tottenhem” ikinci pillədə qərarlaşıb. “Şeffild Yunayted” bir xalla 17-cidir.(oxu.az)