Bizi sosial şəbəkələrdən izləyin:
"Zirə"də çıxış edən Pyer Zebli cari mövsüm Premyer Liqada ən tez qırmızı vərəqə alan futbolçu olub.
Moderator.az Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, çempionatın PFL-in bayrağı altında keçirildiyi 2008-ci ildən indiyədək 8-ci dəfə oyunçulardan biri ilk 15 dəqiqədə qırmızı vərəqə ilə cəzalanıb.
26 yaşlı yarımmüdafiəçi "Sumqayıt"la (1:0) VI turun oyununun 11-ci dəqiqəsində meydandan qovulub. Afrikalıya qədər 7 dəfə erkən cəza qeydə alınıb.
Son 15 ilin ilk 15 dəqiqədəki qırmızı vərəqələri arasında ikisi daha erkən gerçəkləşib. Zebli bu dövrdə ən tez cəzalanan 3-cü oyunçudur. Onunla müqayisədə daha erkən cəzalananların hər ikisi 2017/18 mövsümünə təsadüf edib.
Mütləq antirekord Dedimar Fereyraya məxsusdur. “Kəpəz”in legioneri 2017-ci il noyabrın 18-də “Səbail”lə ev matçının (2:3) 5-ci dəqiqəsində komandasını azlıqda qoyub.
“Zirə”nin sabiq futbolçusu Milan Duriç isə 9-cu dəqiqədə belə ağır cəza alıb. O, 2018-ci il mayın 12-də “Kəpəz”lə ev görüşündə (2:1) qırmızı vərəqə alıb.