Praqmatikləşən “Qarabağ”: Qurban Qurbanovu dəyişikliyə nə vadar edir? - TƏHLİL
İdman
2120
25 Aug 2023 | 16:06

Praqmatikləşən “Qarabağ”: Qurban Qurbanovu dəyişikliyə nə vadar edir? - TƏHLİL

“Qarabağ” Avropa Liqasının qrup mərhələsini, demək olar ki, təmin etdi.
 
Ağdam klubu pley-offun ilk oyununda Sloveniyada “Olimpiya”ya iki cavabsız qolla qalib gəlməklə işin yarısından çoxunu gördü.
 
“İdman TV”nin yayım problemi (qarşılaşma yalnız 70-ci dəqiqədən izləyicilərə təqdim olundu - red.) azarkeşlərin oyuna baxmasına əngəl oldu. Lakin matçı 90 dəqiqə izləməyə nail olanlar gördülər ki, “Qarabağ” bu mövsüm ən yaxşı oyununu Lyublyanada göstərdi. Komanda hətta Çempionlar Liqasında Cəbəllüttariqin zəif çempionu “Linkoln”la görüşlərdən daha inamlı idi, səliqəli çıxış edirdi. Bunu xüsusən ilk yarıya aid etmək olar.
 
Elə oyunun taleyi də fasiləyəcən həll olundu. Əvvəlcə Kevin Medina, hissənin sonuna yaxın Leandro Andrade fərqləndilər.
 
İkinci yarıda rəqib təşəbbüsü ələ alsa da, nəzarət yenə “Qarabağ”da idi. “Atlılar” ötən gün minimal səhvlə oynadılar. Dəqiq müdafiə olunan komanda əks-hücumlarda rəqibini həyəcanlandırmağı bacardı.
 
Cavab oyunu öncəsi böyük üstünlük var. Lakin arxayınlaşmaq olmaz. Bakıda yol veriləcək bir səhv vəziyyətin gərginləşməsinə səbəb ola bilər. Lyublyanadakı oyunun ikinci hissəsindəki təmkin, doğru strategiya ilə yanaşmaq lazımdır.
 
Bu mövsüm Ağdam klubu fərqli futbol oynayır. Qurban Qurbanovun komandasında praqmatik yanaşma elementləri qabarmağa başlayıb. “Atlılar” əvvəllər gözəlliyə oynayırdılarsa, indi prioritetin nəticə olduğu görünür. Komanda öz qapısı qarşısında rəqiblərə daha çox epizod verir, özünün qol imkanları azalıb və s.
 
“Qarabağ”ın bu mövsüm azarkeşə sözün həqiqi mənasında zövq verən hər hansı oyunu olmayıb. Əlbəttə, mümkündür ki, yeni futbolçular kollektivə uyğunlaşandan, oyunçular tam formaya düşdükdən sonra vəziyyət dəyişsin, komanda yenə əvvəlki kimi oynamağa başlasın. Lakin ümumən yanaşma tərzinin dəyişdiyi aydındır.
 
“Qarabağ” indi əvvəlki qədər topu özündə çox saxlamır, bunun üçün canfəşanlıq etmir. Komanda oyuna nəzarətin təkcə topa sahib olmaqla ifadə edilmədiyini qəbul edib. Əvvəlki qədər rəngarəng hücumlar, rəqibə amansız təzyiq yoxdur. Komanda boşluqlar üzərində dəqiq işləməyə, rəqibin zəifliklərinin üzərinə gedib, onlardan yararlanmağa çalışır.
 
Qurban Qurbanovun yetirmələrinin sonuncu dəfə nə vaxt künc zərbəsindən fərqləndiyini xatırlamaq çətin idi. “Olimpiya”ya ilk qol məhz bu standart vəziyyətdən vuruldu. Hansı ki, lyublyanalıların ən güclü elementlərindən biri bu hesab edilir. “Qarabağ”, belə demək olarsa, rəqibi öz silahı ilə vurmağı bacardı.
 
“Atlılar”da müşahidə olunan daha bir dəyişiklik cinah ötürmələrinin sayının artmasıdır. Komanda əvvəllər belə oynamırdı. Künc zərbələri qısa ötürmələrlə başlanır, oyunçular cinahlardan asmalar etməyə can atmırdılar. Bu mövsüm isə artıq bir neçə belə qol vurulub. Maraqlıdır ki, dəyişiklik işə yarayır.
 
Komandanın belə oynamasının səbəbini Qurban Qurbanovun əlindəki resurslara uyğun taktika seçmə məcburiyyətinə bağlamaq olar. Əlbəttə, mümkündür ki, baş məşqçi ideyalarında korreksiyaya gedib. Ancaq şübhəsiz, bunda oyunçu keyfiyyətlərinin də ciddi payı var.
 
Heyətdə əvvəlki qədər texniki bacarıqları yüksək oyunçular cəmləşməyib. Abdulla Zubir xeyli vaxtdır, eyni futbolu göstərə bilmir. Komandanın beyni olmalı olan Yassin Benziya hələ də bu funksiyanı tam icra etmək gücündə deyil. Zədəyəmeyilli yarımmüdafiəçi tezliklə yenidən sıradan çıxa da bilər. Ona bel bağlayıb oyunu onun üzərində qurmaq olmaz. Hazırda qabaran Leandro Andradedir ki, məsələn, Kadi Borgesli “Qarabağ”da onun bu qədər diqqət mərkəzinə düşməsi mümkün deyildi.
 
Qurbanov keyfiyyət böhranını bu ana qədər düzgün idarə edir. Əlindəki futbolçular ideyalarını həyata keçirməyə tam imkan vermirsə, fikirlərini onlara uyğunlaşdırmalısan. Başqa sözlə, hücumçunun fiziki keyfiyyətləri texniki tərəflərindən daha yaxşıdırsa, son zərbələri effektivdirsə, ondan oyun quruculuğunda deyil, birbaşa qapı qarşısında yararlanmalısan, onu daha çox ikili mübarizələrə girməsinə şərait yaratmalısan. Konkret olaraq Redon Cica nümunəsi kimi.
 
Bunlar qabıq dəyişən, praqmatikləşən “Qarabağ” üzərində qısamüddətli müşahidələrdən çıxan nəticələrdir. Diqqət etməkdə fayda var, “Qarabağ”ın özəyi dəyişməyib, Qurbanovun fəlsəfəsi böyük ölçüdə eynidir - sadəcə, mövcud duruma uyğunlaşma var. Ən əsası, hələlik bu, özünü doğruldur. /Oxu.az/
 
Link kopyalandı!
Son xəbərlər