“Bosniya və Herseqovinaya qələbə üçün gəlmişik”.
Bunu “Neftçi”nin baş məşqçisi Adrian Mutu Bosniya və Herseqovinanın “Jelezniçar” klubuna qarşı səfərdə keçirəcəkləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunundan öncə mətbuat konfransında deyib.
Rumıniyalı mütəxəssis rəqib barədə müsbət fikirlər səsləndirib: “Bizi çox vacib oyun gözləyir. Çox yaxşı komandaya qarşı çıxış edəcəyik. “Jelezniçar”ın Minsk “Dinamo”su ilə matçına baxmışam, çox əzmkar komandadır. Bəzi oyunçularının individual üstünlüyü var. Əminliklə deyə bilərəm ki, bizə çox ağır olacaq”.
44 yaşlı məşqçi qısa müddətdir “Neftçi”nin sükanı arxasına olmasına baxmayaraq, komandaya bələd olduğunu söyləyib: “10 gün ərzində hiss edirəm ki, oyunçular bütün tapşırıqlarımı həvəslə yerinə yetirirlər. “Fənərbağça” və Moskva “Spartak”ı ilə matçlardakı çıxışı da təhlil etmişəm, komandamın meydanda necə hərəkət etdiyini görmüşəm. Yeni oyunçuların gəlişini də gözləyirik ki, kollektiv komplektləşsin və balans yaransın”.
O, Sarayevoda güclü azarkeş önündə çıxış etməyin komandası üçün çətin olmayacağını düşünür: “Çoxlu təcrübəli oyunçularımız var. Belə atmosferdə oynamağa öyrəşiblər. Düşünmürəm ki, azarkeş təzyiqinin onlara təsiri olsun. “Jelezniçar”ı öz meydanında azarkeşləri dəstəkləyəcək. Bu, yerli publika üçün şou kimi ola bilər. Amma düşünürəm ki, bunun öhdəsindən gələ biləcəyik”.
Qeyd edək ki, iyulun 27-də “Qrbavitsa” stadionunda keçiriləcək “Jelezniçar” – “Neftçi” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.