Premyer Liqa: “Turan Tovuz” “Qəbələ”ni son dəqiqə qolu ilə məğlub edib
İdman
2559
13 May 2023 | 20:00

Premyer Liqa: “Turan Tovuz” “Qəbələ”ni son dəqiqə qolu ilə məğlub edib

Azərbaycan Premyer Liqasında XXXIV tur davam edir.

Günün ilk oyunu Qəbələdə keçirilib.

Bölgə komandalarının duelində “Qəbələ” “Turan Tovuz”u qəbul edib.

Qarşılaşmada hesab fasilədən sonra açılıb. 54-cü dəqiqədə Sadiq Quliyev qonaqları önə keçirib. Bu azmış kimi, “Qəbələ” iki dəqiqə sonra azlıqda qalıb. Kapitan Urfan Abbasov qırmızı vərəqə ilə meydandan qovulub.

Buna baxmayaraq, “qırmızı-qaralar” tezliklə status-kvonu bərpa ediblər. Sürətli əks-hücumu Rafael Utziq dəqiq zərbə ilə tamamlayıb. Matçın sonlarında Asif Məmmədov zədələnərək mübarizəni davam etdirə bilməyib. Məşqçilər korpusu bütün əvəzləmələrdən istifadə etdiyi üçün meydan sahibəri qarşılaşmanı 9 nəfərlə tamamlamalı olublar.

Bundan yararlanan tovuzlular son saniyələrdə qələbə topunu vurublar. Xulu Siyanda 90+5-ci dəqiqədə başla toru silkələyərək, qonaqlara 2:1 hesablı qələbə qazandırıb.

Bununla 48 xalla 4-cü yerdə qərarlaşan “Qəbələ” 5-ci sıradakı “Zirə” ilə aradakı xal fərqinin 2-yə enməsinə mane ola bilməyib. Turnir cədvəlinin 6-cı pilləsində yer alan “Turan Tovuz” isə aktivindəki xalların sayını 38-ə çatdırıb.

Qeyd edək ki, turun açılış oyununda bir gün əvvəl “Zirə” ilə “Kəpəz” 1:1 hesablı heç-heçə ediblər. Bu gün “Səbail” “Qarabağ”ı, mayın 14-də “Neftçi” “Şamaxı”nı, 17-də isə “Sumqayıt” “Sabah”ı qəbul edəcək.

Link kopyalandı!
Son xəbərlər