26 may 2018-ci il - Kiyev, UEFA Çempionlar Liqasının finalı. Həmin gecə tarixə təkcə “Real”ın qitənin bir nömrəli klub turnirinin qalibi olması ilə düşmədi. Həmin gün Loris Karius da məşhur oldu. Amma heç də arzu olunmayan formada. "Liverpul"da çıxış edən almaniyalı qolkiper 2 kobud səhv etdi ki, bunun sayəsində Madrid klubu 3:1 hesablı qələbəyə sevindi.
Kiyev finalındakı faciəvi səhvlər Kariusun karyerasını məhv etdi. O, “Liverpul”dan icarə əsasında “Beşiktaş”a göndərildi. İstanbul klubu qısa zamandan sonra onu heyətə qatmağa peşiman oldu. Çünki o, “ağ-qaralar”ın oyunlarında da kobud səhvlərə yol verməkdə davam etdi. İş o yerə çatdı ki, “Beşiktaş”ın baş məşqçisi Şenol Günəş açıq şəkildə Lorisə etiraz etməli oldu.
Son illərdə Karius, ümumiyyətlə futbol oynamırdı. Alman qolkiper ötən mövsümü "Liverpul"da 4-cü qapıçı kimi keçirdi. Bir il əvvəl isə Karius üçün şans yaranmışdı. “Union Berlin”ə icarəyə göndərilən qolkiper 32 yaşlı həmkarı Andreas Luthla rəqabətdə məğlub oldu.
Ötən yay Kariusun "Liverpul"la müqaviləsi başa çatdı. O, azad agent status ilə “Nyukasl”a transfer olundu. “Ağ-qaralar”da da şans onun üzünə gülmədi. Çempionatın əvvəlində “sağsağanlar” zədə səbəbindən əvvəlcə ehtiyat qapıçı Karl Darlou itirdi və ardınca Martin Dubravka “Mançester Yunayted”ə icarəyə göndərildi. İngiltərə millisinin bir nömrəsi Nik Popun transferiylə Karisun oynamaq şansı tamamilə itdi.
Düzdür, final “Nyukasl” üçün uğurlu alınmadı. Onlar 47 illik fasilədən sonra vəsiqə qazandıqları görüşdə “Mançester Yunayted”ə 2 cavabsız qolla məğlub oldular. Ancaq Karius üçün bu görüş heç də pis keçmədi. O, 8 kritik qurtarışla yadda qaldı. Və gələcək üçün ümid yeri qoydu.
Lorisin qayıdışı azarkeşlər tərəfindən müsbət qarşılanır. Bildirilir ki, buna alman qolkiper tək nail olmayıb. Ona sevgilisi - İtaliya idman mətbuatının seks simvolu Diletta Leotta dəstək olub. Onlar bir müddətdir bir yerdədirlər. İdman ictimaiyyəti bu münasibəti çox təəccüblə qarşılayır.
Xüsusilə almaniyalı qapıçının pərəstişkarları çaşqınlıq içindədirlər. Ki, belə bir gözəl qadın uğursuz karyerası olan idmançıyla görüşməyə necə qərar verib? Bu sualın cavabı yoxdur. Ancaq bildilir ki, Leotta Kariusun dönüşündəki əsas səbəbkardı.