Qurban Qurbanov:
İdman
3763
07 Oct 2022 | 09:48

Qurban Qurbanov: "Gərginlik həddindən artıq hiss olunurdu"

"Televiziya qarşısında fərqli görünə bilərdi, amma canlı tam başqa idi. Azarkeşlərin oyunçulara böyük təzyiqi var idi. Gərginlik həddindən artıq hiss olunurdu".
 
Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Yunanıstanda "Olimpiakos"a 3:0 hesabı ilə qalib gəldikləri UEFA Avropa Liqasının qrup mərhələsinin III oyunundan sonra Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib.
 
50 yaşlı mütəxəssis təzyiqlərə baxmayaraq, oyunçuların çox peşəkar və soyuqqanlı olduğunu bildirib: "Matçın sonlarınadək özlərini düzgün idarə edə bildilər. Bu, çox önəmli idi. İlk və ikinci hissədəki gərginliklər tamam fərqli idi. Hesabda öndə olanda bəzən futbolçu hansısa epizodlarda ehtiyatlı davranmaq istəyir".
 
Qurbanov vacib qarşılaşmada dəyərli üç xal qazandıqlarını söyləyib: "Yaxşı oyun sərgilədik və futbolçulardan çox razı qaldım. Rəqibin xalı yox idi və qalib gəlməyi çox istəyirdilər. Evdə oynayan komanda ilk dəqiqələrdən daha sürətli oynaya və təzyiq göstərə bilər. İkinci yarıda rəqibdə boşluqlar daha çox oldu və bundan yaxşı istifadə edə bildik".
Link kopyalandı!
Son xəbərlər