İki İslamiadanın müqayisəsi: İrəli-geri gedənlər və yerində sayanlar - ARAŞDIRMA
İdman
2890
23 Aug 2022 | 18:04

İki İslamiadanın müqayisəsi: İrəli-geri gedənlər və yerində sayanlar - ARAŞDIRMA

Türkiyənin Konya şəhərində keçirilmiş V İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançılarının çıxışı müsbət və mənfi tendensiyalarla əlamətdar olub.
 
Moderator.az xəbər verir ki, “Report” Bakıda 5 il əvvəl keçirilmiş IV İslam Həmrəyliyi Oyunları ilə yeni başa çatmış Oyunlar arasında müqayisələr aparıb.
 
Bakı-2017-də 54 ölkədən 6 000-ə yaxın atlet iştirak edib. 12 may 2017-ci ildə açılışı olan turnirin bağlanış mərasimi 22 mayda həyata keçirilib.
 
Bakıdakı yarışda su idman növləri (suya tullanma, üzgüçülük, su polosu), atletika (para-atletika), 3x3 basketbol, boks, futbol, gimnastika (idman gimnastikası, bədii gimnastika), həndbol, cüdo (paracüdo), karate, atıcılıq (güllə və stend atıcılığı), stolüstü tennis, taekvondo, tennis, voleybol, ağırlıqqaldırma, güləş, uşu və zorxana idman növləri üzrə mübarizə aparılıb.
 
Konyadakı Oyunlara isə 55 ölkədən (mayda Misir, iyulda isə İraq yarışda iştirakdan imtina edib) 4200-ə qədər idmançı qatılıb. 9 avqustda açılışı Konya Böyükşəhər Bələdiyyəsi Stadionunda olan yarışın bağlanışı orada gerçəkləşdirilə bilməyib. Buna səbəb stadionun yararsız vəziyyətə düşməsi olub. Nəticədə bağlanış mərasimi Konyadakı Atletlər Kəndinin önündəki arenada baş tutub.
 
Türkiyədə su idman növlərindən suya tullanma, su polosu, həmçinin boks, paralimpik cüdo, güllə atıcılığı, tennis, uşu və zorxana olmayıb. Əvəzində para-üzgüçülük, kamandan oxatma (ənənəvi türk oxatması, para-oxatma), boççe, velosiped idman növü (trek və şose velosipedi), qılıncoynatma, aerobika gimnastikası, kikboksinq və para stolüstü tennis yarış proqramına daxil edilib. Azərbaycan bu idman növlərindən yalnız ikisində – ənənəvi türk oxatması və boççedə təmsil olunmayıb.
 
İslamiadanın keçirilməsi üçün Azərbaycanda 17, Türkiyədə 12 idman obyektindən istifadə olunub. Bakıda 425 idmançı ilə təmsil olunan Azərbaycan Türkiyədə 282 atletlə mübarizə aparıb.
 
Bakı-2017-də Azərbaycan 162 medal (75 qızıl, 50 gümüş, 37 bürünc) qazanıb. Türkiyə Azərbaycandan çox medal (195) qazansa da, “qızıl” sayında meydan sahiblərinə uduzduğundan, 2-ci olub. İran 98 medalla 3-cü yeri tutub.
 
Türkiyədə isə meydan sahibləri 341 medalla 1-ci, Özbəkistan 158 medalla 2-ci və İran 133 medalla 3-cü olub. Azərbaycan isə 99 medalla (29 qızıl, 36 gümüş, 34 bürünc) 4-cü olmaqla kifayətlənib.
 
Geriləyənlər və yerində sayanlar
 
Komanda yarışlarında cüdo millisi Bakı-2017-də olduğu kimi, Konya-2021-də də qızıl medal qazanmaqla, ardıcıl ikinci dəfə müsəlman ölkələri arasında ən güclü olduğunu sübuta yetirib.
 
Komanda növlərindən 3x3 basketbolunda Azərbaycanın kişi və qadın milliləri Bakı-2017-də çempion olubsa, Konya-2021-də kişi yığması gümüş medalla kifayətlənib, qadın millisi isə ardıcıl 2-ci dəfə bu titula yiyələnib.
 
Futbolda indi “Kəpəz”ə rəhbərlik edən Yaşar Vahabzadənin Bakı-2017-də baş məşqçisi olduğu Azərbaycan millisi finalda Omana Mahir Emrelinin (o vaxt soyadı Mədətov olub) dublu ilə 2:1 qalib gəlib. Bu dəfə isə Samir Əliyevin baş məşqçilik etdiyi yığma zəif heyətlə iştirak etdiyindən, yalnız 3-cü olmaqla kifayətlənib.
 
Qadın həndbol yığması Bakıda çempion olubsa, Konyada finalda Türkiyəyə uduzmaqla gümüş medal qazanıb.
 
Qadın voleybol millisi isə Türkiyədə bürünc medal qazanıb. Halbuki 5 il əvvəl Polina Rəhimova və Valeriya Məmmədova (Korotenko) kimi liderlərin yer aldığı yığma finalda Türkiyəyə qalib gəlməklə çempion olmağı bacarıb. Kişi millisi isə Bakıda gümüş medal qazansa da, Türkiyədə meydan sahiblərinə 3-cülük uğrunda görüşdə uduzaraq mükafatsız qalıb.
 
Hansı idman növündə irəliləmə var?
 
Bakıdakı Oyunlarda Azərbaycan idmançılarının nəticələri daha uğurlu olub. Bunun əsas səbəblərindən biri doğma meydan və daha çox idmançı ilə təmsil olunma amilidir. Bakıdakı yarışın federasiyalar üçün daha böyük önəmə malik olması da qızıl medalların sayının çox olmasını şərtləndirib. Məsələn, kişi cüdo millisi oktyabrda Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək dünya çempionatına görə Konya-2021-ə ikinci heyətlə qatılmışdı.
 
Bədii gimnastika millisi son 5 il ərzində daha çox inkişafda olub. Yenə 8 medal qazanılsa da, bunlardan 5-nin “qızıl” olması (“Bakı-2017”də 4 “qızıl” olub) həmin idman növündə inkişafın göstəricisi sayıla bilər.
 
Həmçinin, 3x3 basketbolu, futbol, həndbol, ağırlıqqaldırma (Konya-2021-dən fərqli olaraq, Bakıda kiçik medallar nəzərə alınmırdı) və güləşdə eyni sayda medallar qazanılıb. Sadəcə, əyar baxımından Bakıda daha yaxşı nəticə göstərilib.
 
Bakı-2017 və Konya-2021 İslam Həmrəyliyi Oyunlarında Azərbaycan yığma komandasının göstərdiyi nəticələr:

 

Qeyd edək ki, cədvəldə proqramda olmayan idman növlərinin qarşısında defis işarəsi qoyulub.

Link kopyalandı!
Son xəbərlər