Pekin Olimpiadası təkcə yeni idman nailiyyətləri və emosional anları ilə tarixə düşməyəcək. Həmçinin, bu Oyunlar bəzi idmançıların şikayət etdiyi sərt koronavirus məhdudiyyətləri və ABŞ-ın diplomatik boykotundan tutmuş Ukrayna məsələsinin kəskinləşməsinə qədər geosiyasi gərginliyin artması ilə yadda qalacaq.
Moderator.az xəbər verir ki, bu barədə NBC News telekanalı məlumat verib. Bazar günü, fevralın 20-də Pekində həm gərgin rəqabət, həm emosional anları, həm də koronavirus məhdudiyyətləri və geosiyasi gərginliyi ilə tarixə düşəcək Olimpiya Oyunlarının bağlanış mərasimi keçirildi.
“Quş yuvası” adıyla tanınan Pekin Milli Stadionunda baş tutan bağlanış mərasimi uşaqların əllərində qar dənəcikləri fənərləri ilə rəqs etmələri ilə başladı. Tədbirin sonunda parlaq qar dənəcikləri səmaya uçdu, stadionun üzərində atəşfəşanlıq yaşandı və “Bir dünya, bir ailə” şüarı alovlandı.
Kanalın qeyd etdiyi kimi, Qış Olimpiya Oyunlarının açılışı kimi, onun bağlanışı da 2008-ci ildə Pekində keçirilən yay oyunları ilə müqayisədə daha sadə formatda baş tutub. Təşkilatçılar öz konsepsiyalarında Çin adət-ənənələrinə, uşaqlara və adi insanlara daha çox diqqət yetiriblər. Koronavirus məhdudiyyətləri səbəbindən bağlanış mərasiminin biletləri satışda olmadığı üçün xüsusi dəvətlə stadiona gələn tamaşaçıların sayı az idi.
Tarixdə həm yay, həm də qış Olimpiya Oyunlarına ev sahibliyi edən ilk şəhər olan Pekin estafeti 2026-cı ildə növbəti Oyunların keçiriləcəyi İtaliyanın Milan və Kortina d'Ampezzo şəhərlərinə ötürdü.
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax Pekin Olimpiya Oyunlarına yekun vuran çıxışında yarışda iştirak edənlərin idman ruhunu yüksək qiymətləndirib: “Siz bir-birinizə nəinki hörmət edirdiniz və baxmayaraq ki, ölkələriniz arasında münaqişələr yaşanır, bir-birinizi dəstəkləyir və qəbul edirdiniz. Qoy həmrəylik və sülh nümunəniz bütün dünyada siyasi liderlər üçün ilham mənbəyi olsun”. Bax həmçinin beynəlxalq ictimaiyyəti insanların peyvəndlərə əlçatanlığını təmin etməyə və pandemiyaya son qoymaq üçün birlikdə daha sürətli, daha yüksək və dah güclü olmağa çağırıb.
Telekanalın məlumatına görə, artıq arxada qalan Olimpiada təkcə bəzi idmançıların bəzən şikayət etdiyi ən sərt koronavirus məhdudiyyətləri ilə yadda qalmayacaq. ABŞ başda olmaqla bir sıra ölkələrin diplomatik boykotunu, Oyunlar zamanı Rusiya ilə Ukrayna arasında gərginliyin artmasını, 15 yaşlı rusiyalı fiqurlu konkisürən Kamilə Vəliyeva ilə bağlı səs-küylü “dopinq dastanı”nı qeyd etməmək mümkün deyil.
Bundan əlavə, kanal xatırladır ki, Olimpiada ərəfəsində medianın fəal şəkildə işıqlandırdığı mövzulardan biri də ABŞ-ın hətta “soyqırım” adlandırdığı Çin hökuməti tərəfindən müsəlman uyğurlara qarşı təzyiqlər olub. Pekin dəfələrlə bütün bu ittihamları rədd edib və açılış mərasimində Olimpiya məşəlini yandırmaq üçün uyğur idmançının seçilməsi kimi simvolik addım atıb.
Xatırladaq ki, ümumi medal sıralamasında birinci yeri əhalisi 5 milyondan bir qədər çox olan, qış idman növləri üzrə tez-tez lider mövqedə qərarlaşan Norveç tutub. İkinci yerdə Rusiya, üçüncü yerdə isə Almaniya, Kanada və ABŞ qərarlaşıb. Olimpiadaya ev sahibliyi edən Çin 15 medal qazandı, 2018-ci ildə Cənubi Koreyanın Pxyonçxan şəhərində keçirilən sonuncu Olimpiadada Çin idmançıları 9 medal qazanmışdı.
“İki həftəlik Olimpiya dramının pərdəsi aşağı düşsə də, idman həvəskarlarının narahat olmasına ehtiyac yoxdur. Bu Oyunlar başa çatsa da, bizi Pekində martın 4-də başlayıb 13-də bitəcək Paralimpiya Oyunları gözləyir”, - deyə NBC News bildirib.
Miraslan