Karate-do idman növünün fəlsəfəsi
İdman
3174
05 Jan 2022 | 10:43

Karate-do idman növünün fəlsəfəsi

Karate-do və hərbi döyüş çoxnövçülüyü üzrə üç qat dünya çempionu, Avropa çempionatının gümüş mükafatçısı, yeddi qat Azərbaycan çempionu, Bakı Karate-do Akademiyasının prezidenti və şef-instruktoru, Dünya Fudokan Federasiyasının Azərbaycan Respublikasında rəsmi və səlahiyyətli nümayəndəsi, 5-ci dan beynəlxalq qara kəmər ustası Vüsal Abdullazadənin Karate-do idman növünün fəlsəfəsi haqqında danışarkən aşağıdakıları qeyd edib:

"Karate - Do yapon mənşəli termin olub, kara – boş, te - əl, do - yol deməkdir. Karatenin digər mənası “pis əməllərdən uzaq olan əl” deməkdir. Karate-do bir tərəfdən hörmət və məhəbbət, digər tərəfdən ədalət və sakitlik aşılayır. Karatenin əqidəsi “ilk hücum edən sən olma” şərəf kodeksidir. Karate Do - özünü və digərlərini məcburi müdafiə vəziyyəti olmadan istifadə edilməsini qadağan edən döyüş sənətidir. Karate Do bir çoxlarının bədənini, ruhunu möhkəmləndirərək yeni bacarıqların və imkanların sərhədlərini genişləndirərək getdikləri həyat yoludur. Karate ilə məşğul olmaq insana yalnız zərbə vurmaq texnikası, müdafiə vəziyyətləri, döyüş strategiyasını deyil, eləcə də bəşəriyyətdəki qarşılıqlı əlaqəni duyaraq təbiətlə ahəngə cəhd etməsini öyrədir.

Karatenin fəlsəfəsindən danışarkən qeyd etməliyik ki, onun əsasında “zor tətbiq etməmək” ideyası durur. “Siz karateni ziyan vurmaq vasitəsi kimi təlim edə bilməzsiniz, bu təbiətin harmoniyasını pozur, lakin siz karateni sizə və ya başqalarına zərər verənləri dayandırmaq imkanı verən vasitə kimi öyrədə bilərsiniz. Beləliklə siz təbiətin ahəngini bərpa etmiş olursunuz”.

Müasir dövrümüzdə karate haqqında eşitməyən və özünəməxsus təsəvvürü olmayan insan çətin tapılar. Müasir karate şərti olaraq 3 istiqamətdə inkişaf edir:

1) Kütləvi idman karatesi – fiziki tərbiyə sistemini təqdim edir ki, bu da xüsusi idman keyfiyyətlərinin qorunmasına və inkişafına, hərəki fəallığına xidmət edir.

2) İdman karatesi – idman hərəkatının bir hissəsi sayılır. İdman döyüşündə məqsəd mümkün qədər zədələri azaltmaq və döyüşü baxımlı etməkdir.

3) Döyüş sənəti - əlbəyaxa döyüş növlərindən hesab olunur. Əgər insan karate ilə məşğul olursa, onun öyrəndikləri cəmiyyət üçün faydalı olmalıdır.

Karate fəndləri - əl-ayağını əyləncə üçün atmaq deyil. Döyüşdə karate fəndlərini istifadə etmək, yalnız baza texnikasına əsaslı şəkildə yiyələndikdən sonra mümkündür. Cəldliyə və texnikaya gedən yol, ürəkdən başlayır.

İnsanın bütün hərəkətləri onun daxilinin, ruhunun əksidir.

Karatedə 3 həqiqət qəbul olunmuşdur:

1) Qayda-qanun, nizam-intizam – onsuz heç bir uğura və inkişafa nail olmaq olmaz. Məşq prosesi ciddi təşkil olunmalıdır.

2) Diqqət - məşqçinin göstərişlərinə diqqət etmək, təcrübəli və irəliləmiş tələbələrin yüksək keyfiyyətlərinə nəzər yetirmək, döyüş zamanı diqqətli olub zədələrdən qaçmaq.

3) Özünütəhlil – hər məşqi təhlil edərək karate-do məşqini həyat tərzinə çevirmək.

“Karate-do təzimlə başlayıb, təzimlə bitir” kimi deyim məşhurdur. Karate qanunları tələbələrdə şəfqət və hörmət tərbiyə edir. Karatedə davranışı müəyyən edən cəhətlər: sədaqət, nəzakət, cəsarət, düzgünlük və sadəlikdir. Karate-do, karate qaydaları, bütün idman növlərinin içərisində yeganə idman qaydasıdır ki, yarışlarda döyüş bitdikdən sonra qalib müəyyən edilir və əgər qalib olan idmançı öz sevincini hansısa jestlə ifadə edərsə, hakimlər tərəfindən məğlub hesab edilib, qalib onun rəqibi elan olunur".

 

 

Link kopyalandı!
Son xəbərlər