Çernoqoriyanın
Bar şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı davam edir.
Azərbaycan Güləş Federasiyasından ANS PRESS-ə verilən məlumata görə, yarışların
son günündə Yunan-Roma güləşi üzrə 46, 54, 63, 76 və 100 kq çəki dərəcələrində
pəhləvanlar qüvvəsini sınayıb.
54 kq
Niyazi
Məmmədov ardıcıl olaraq Xorvatiya (7:2) və İtaliyadan (6:2) olan rəqiblərini
mübarizədən kənarlaşdırıb. Ancaq yarımfinal görüşü təmsilçimiz üçün uğurlu
alınmayıb. Bürünc medal uğrunda həlledici görüşdə güləşçimizin rəqibi Rusiya
təmsilçisi olub. Rəqibini (11:7) üstələyən güləşçimiz fəxri kürsüdə yer ala
bilib.
63 kq
1/8
final mərhələsindən mübarizəyə başlayan Sənan Əlimirzəyev bütün rəqiblərindən
üstün olub və finala yüksəlib. İsrail təmsilçisini (8:3), macar güləşçini (7:0)
və Serbiyadan olan rəqibini (7:0) mübarizədən kənarlaşdıran pəhləvanımızın
finalda rəqibi Ukrayna idmançısı olub. İnamla mübarizə aparan Sənan Əlimirzəyev
qızıl medala sahib olub.
76 kq
İslam
Abbasov da finala qədər maneəsiz irəliləyib. Buna qədər o, gürcü rəqibini
(9:1), bolqar güləşçisini (7:0) və Rusiyalı rəqibini (10:2) arxada qoyub. Final
qarşılaşmasında rəqib Almaniya təmsilçisi olub. Ancaq bu dəfə güləşçimiz gümüş
medalla kifayətlənib.
46 kq
İlk
görüşündə gürcü rəqibi ilə mübarizədən məğlub ayrılan Namaz Rüstəmov çempionatı
medalsız tamamlayıb.
100 kq
Adambek
Şidukovun Türkiyə təmsilçisi ilə gərgin keçən ilk görüşündə hesab bərabər (2:2)
olsa da qələbə rəqib güləşçiyə verilib, təmsilçimiz mübarizəni erkən dayandırıb.
Beləliklə,
Avropa çempionatında mübarizə aparan Yunan-Roma güləşçilərimiz ümumilikdə 2
qızıl, 2 gümüş və 2 bürünc medal qazanıb. Komanda hesabında Rusiya birinci,
Azərbaycan güləşçiləri ikinci sırada qərarlaşıb. Üçüncü yeri Ermənistan yığması
tutub.