Turnir altı ölkədə keçiriləcək.
2030-cu il futbol üzrə dünya çempionatı ilk mundialın 100 illiyinə həsr olunacaq. Turnirin əsas ev sahibləri İspaniya, Portuqaliya və Mərakeş olacaq.
Moderator.az xəbər verir ki, bu barədə "championat.ru" nəşri yazıb.
Nəşr yazır ki, bununla yanaşı, yubiley münasibətilə Uruqvay, Argentina və Paraqvay da açılış oyunlarından birinə ev sahibliyi edəcək. Bu səbəbdən həmin altı ölkənin yığmaları seçmə mərhələdən keçmədən birbaşa final mərhələsinə vəsiqə qazanıb. Mundialın əsas hissəsinin 2030-cu ilin iyununda başlaması, finalın isə iyulun 21-də keçirilməsi planlaşdırılır.
İştirakçıların sayı arta bilər, seçmə sistemi yenilənəcək
Hazırda DÇ-2030-da 48 yığmanın iştirakı nəzərdə tutulur. Lakin FIFA prezidenti Canni İnfantinonun turnirin iştirakçı sayını 64 komandaya çatdırmaq ideyasını dəstəklədiyi bildirilir. Bu məsələ mundial başa çatdıqdan sonra müzakirəyə çıxarılacaq. UEFA isə Avropa zonasında seçmə mərhələnin formatını dəyişməyi planlaşdırır.
Yeni sistemə əsasən komandalar UEFA Millətlər Liqasındakı nəticələrinə görə iki liqaya bölünəcək. Məqsəd güclü və zəif komandalar arasında maraqsız oyunların sayını azaltmaq, seçmə mərhələni daha rəqabətli etməkdir. Yeni formatın Avro-2028-dən sonra qüvvəyə minməsi gözlənilir.
Rusiya yığmasının taleyi hələ məlum deyil
Rusiya millisinin DÇ-2030-un seçmə mərhələsinə buraxılıb-buraxılmayacağı ilə bağlı hələ yekun qərar yoxdur. Rusiya Futbol İttifaqının prezidenti Aleksandr Dyukov komandanın seçmə mərhələdə iştirak şansını yüksək qiymətləndirsə də, FIFA və UEFA bu məsələ ilə bağlı hələlik rəsmi qərar açıqlamayıb.