Bizi sosial şəbəkələrdən izləyin:
Vətənpərvərlik ruhunun təbliği və gənc nəslin dövlət sərhədlərinin keşiyində dayanan hərbi qulluqçulara mənəvi dəstəyinin gücləndirilməsi məqsədilə “Qubadlı” əlahiddə sərhəd diviziyasında “Əsgər qardaşıma məktub” layihəsi üzrə tədbir keçirilib.
Bu barədə Moderator.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
Tədbir çərçivəsində Qazax rayonu Səməd Vurğun adına tam orta məktəbin 2-ci sinif şagirdlərinin Vətən sərhədlərinin keşiyində qürurla xidmət edən sərhədçilər üçün yazdığı məktublar hərbi qulluqçulara çatdırılıb.
Məktəblilərin səmimi duyğularını əks etdirən məktublarda sərhədçilərin Vətən qarşısında yerinə yetirdikləri məsuliyyətli və şərəfli xidmət yüksək qiymətləndirilib, onlara göstərdikləri fədakarlığa görə minnətdarlıq ifadə olunub.
Şagirdlər sərhədçilərə möhkəm cansağlığı, xidmətlərində uğurlar arzulayıb, dövlət sərhədlərinin mühafizə və müdafiəsində daim ayıq-sayıq olmalarını arzu ediblər.
Uşaqların yazdığı səmimi fikirlər, çəkdikləri rəsmlər və xoş arzular hərbi qulluqçular tərəfindən böyük maraq və sevgi ilə qarşılanıb.
Sərhədçilər də öz növbələrində məktəblilərin səmimi sözlərinə görə təşəkkürlərini bildirib, bu cür diqqət və qayğının onları dövlət sərhədlərinin etibarlı mühafizəsi və müdafiəsində daha böyük məsuliyyət və inamla xidmət etməyə ruhlandırdığını qeyd ediblər.
Bu kimi təşəbbüslər gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasına, onların dövlətçilik dəyərlərinə bağlılığının gücləndirilməsinə və sərhədçilərin fədakar xidmətinin daha dərindən öyrənilməsinə mühüm töhfə verəcəkdir.