Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov dekabrın 22-də respublikanın şəhər, rayon polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.
Moderator.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, Bakı şəhərində keçirilən sıra baxışında DİN-ə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 120 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 13 nəfəri Vətən müharibəsi iştirakçısıdır.
Gənclər qarşısında çıxış edən nazir V.Eyvazov seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.
Qeyd edək ki, Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov tərəfindən 2025-ci il ərzində respublikanın şəhər və rayonlarında ümumilikdə 21 sıra baxışı keçirilib.
Xidmətə qəbul üçün DİN-ə onlayn qaydada müraciət edərək sıra baxışlarında iştirak etmiş gənclərdən 4 392 nəfər seçim turunun növbəti mərhələlərinə buraxılıb ki, onlardan da 435 nəfəri Vətən müharibəsi iştirakçısıdır.