Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) Təlim və Tədris Mərkəzində ƏÜO-nun yaradılmasının 12-ci ildönümü ilə əlaqədar təntənəli tədbir keçirilib.
Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Moderator.az-a verilən məlumata görə, MN-in və ƏÜO-nun şəxsi heyətinin, eləcə də digər qonaqların iştirak etdiyi tədbirdə Ümummilli Lider Heydər Əliyevin, ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
ƏÜO komandanı general-leytenant Kənan Seyidov müdafiə naziri general-polkovnik Zakir Həsənovun təbrikini şəxsi heyətə çatdırıb, kollektivi təbrik edib.
Sonra Naxçıvan Muxtar Respublikasında ordu quruculuğu prosesini, ötən müddətdə aparılan islahatları əks etdirən videoçarx nümayiş etdirilib.
ƏÜO-nun Təlim və Tədris Mərkəzinin yaradıcı kollektivinin iştirakı ilə milli rəqslər, vətənpərvərlik mahnıları ifa edilib.
Sonda xidməti vəzifələrinin yerinə yetirilməsində fərqlənmiş hərbi qulluqçular və mülki işçilər mükafatlandırılıb.