Azərbaycanın müdafiə sənayesi naziri Keniya prezidenti ilə görüşüb
Hərb
292
19 Nov 2025 | 20:40

Azərbaycanın müdafiə sənayesi naziri Keniya prezidenti ilə görüşüb

Müdafiə sənayesi naziri Vüqar Mustafayevin başçılıq etdiyi nümayəndə heyəti Keniyaya işgüzar səfər edib.

Moderator.az Müdafiə Sənayesi Nazirliyinə istinadən xəbər verir ki, noyabrın 19-da Keniya Prezidenti Uilyam Samoei Ruto nazir V.Mustafayevi qəbul edib.

Görüşdə iki ölkə arasında dinamik inkişaf edən münasibətlərdən məmnunluq ifadə olunub və yüksəksəviyyəli qarşılıqlı səfərlərin, siyasi dialoqun və qurumlararası təmasların bu əməkdaşlığın inkişafına xidmət etdiyi vurğulanıb.

Səfər zamanı nazir V.Mustafayev Keniya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Çarlz Kahariri ilə görüşüb.

Tərəflər arasında hərbi-texniki sahədə mövcud əməkdaşlıq, o cümlədən əlaqələrin inkişaf perspektivləri müzakirə edilib, hər iki tərəfi maraqlandıran mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Azərbaycanın müdafiə sənayesi sahəsində əldə etdiyi uğurlar, bu çərçivədə beynəlxalq əməkdaşlıq və iki ildən bir keçirilən "ADEX" Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi barədə məlumat verib. Həmçinin o, postmünaqişə dövründə işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma, humanitar minatəmizləmə üzrə aparılan genişmiqyaslı işlər, habelə sülh gündəliyində müşahidə olunan irəliləyişlər haqqında qarşı tərəfi məlumatlandırıb.

Görüşlərdə ölkəmizin Keniyadakı fövqəladə və səlahiyyətli səfiri Sultan Hacıyev də iştirak edib.

V.Mustafayevin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizin Keniyadakı səfirliyində olub, xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyub, ulu öndərin əziz xatirəsini ehtiramla yad edib.

Link kopyalandı!
Son xəbərlər