NATO-dan Rusiyaya hücum xəbərdarlığı: Qərb yeni əməliyyatlara başlayır
Hərb
711
10:32, Bu gün

NATO-dan Rusiyaya hücum xəbərdarlığı: Qərb yeni əməliyyatlara başlayır

Son günlər Rusiya ilə NATO ölkələri arasında gərginlik yenidən artmaqdadır. NATO 2 mindən çox hərbiçisini təlimlər  üçün Rusiyanın  sərhədinə toplayıb. Almaniya Alyansın Rusiya ilə toqquşmanın  gözləniləndən daha tez başlayacağını açıqlayıb. Ukrayna istiqamətimdə artan gəginlik  fonunda Qərbdən gələn bu bəyanatlara Moskvanın reaksiyası necə olacaq? 
Moderator.az-a danışan politoloq Ramiyə Məmmədova bildirib ki, Ukrayna–Rusiya münaqişəsi zaman keçdikcə daha da dərinləşir. Onun sözlərinə görə, bu gərginliyin artmasının əsas səbəbi Qərbin Ukraynaya verdiyi  mənəvi, maddi və hərbi yardımlardır:
 
“Əslində, Qərb istəsəydi, Ukrayna ilə Rusiya arasında olan bu müharibəni çoxdan dayandıra bilərdi. Ukrayna ilə Rusiya bir neçə dəfə danışıqlar masasında görüşüb, o cümlədən İstanbulda vacib müzakirələr aparılıb. Lakin bu münaqişə Qərbin uzun müddətdir planlaşdırdığı bir prosesin tərkib hissəsidir. ABŞ-ın strategiyasında var ki, öz ərazisində deyil, üçüncü ölkələrdə müharibələr aparsın. Bu gün Ukrayna ABŞ və Avropa Birliyinin Rusiya ilə müharibə meydanına çevrilib. Rusiya artıq Ukrayna ərazisinə daha sərt zərbələr endirir. Xarkovdakı dağıntılar, Kiyevə atılan raket zərbələri və enerji infrastrukturuna vurulan ziyan bunun bariz nümunəsidir. Münaqişənin bu səviyyəyə çatmasının kökləri isə təkcə bu günə aid deyil. Artıq uzun müddətdir ki, xüsusən Angela Merkelin hakimiyyətdən getməsindən sonra Almaniya, Fransa və İngiltərənin daxil olduğu tandem Rusiyanın Avropaya təsirini artırdığına dair fikirləri gündəmə gətirir. Buna digər ölkələr də qoşulub, xüsusilə Polşa kimi ölkələr bu prosesə aktyiv şəkildə müdaxilə edir. İkinci Dünya müharibəsinin köhnə qorxuları yenidən beynəlxalq siyasətdə özünü göstərməyə başlayıb. İddialara görə,  Rusiya  Avropaya doğru genişlənmək və regionu nəzarət altına almaq niyyətindədir. Bu fikirlərin Moskva tərəfindən bir neçə dəfə istehza ilə qarşılanmasına baxmayaraq, gerçək vəziyyət tam fərqlidir. Hazırlıqlara nəzər salanda görürük ki, Almaniya, Fransa, Polşa və İngiltərə kimi ölkələr Rusiyanın həm iqtisadi, həm də siyasi baxımdan zəiflədilməsi üçün ciddi addımlar atırlar. Ukrayna bu istiqamətdə vasitə kimi istifadə olunur. NATO qüvvələrinin Rusiyanın sərhədlərinə yaxın ərazilərə yerləşdirilməsi də bu strategiyanın bir hissəsidir. Bu, Qərbin bu məsələdə qətiyyətini göstərir. Xüsusilə Almaniya Rusiyanın mümkün eskalasiyasına qarşı özünü qorumaq üçün ciddi addımlar atır".
 
Politoloq Rusiyanın bu müharibədən geri çəkilməyəcəyini diqqətə çatdırıb:
 
“Moskva üçün təhlükəsizlik məsələsi iqtisadi və siyasi mənafelərdən daha vacibdir. Bu, Rusiya dövlətinin ideoloji təməllərindən biridir.Rusiya xalqı ac qalmağa, sanksiyalarla yaşamağa razı ola bilər, amma təhlükəsizliyi hər şeydən önəmlidir. Bu, onların milli kredosudur. Kremli dəstəkləyən qüvvələr də az deyil. Bu, gedən proseslərdə də açıq görünür. ABŞ prezidenti Donald Tramp düşünürdü  ki, Rusiya prezidenti Putinlə bir masa ətrafında problemlərin həlli mümkündür. Lakin Tramp daha güclü və kompromisə getməyən tərəfə rast gəldiyini anlayandan sonra bu müharibəyə dəstəyini artırmağa məcbur oldu. ABŞ həm iqtisadi, həm də hərbi baxımdan Ukraynaya dəstək verməklə Rusiyanı masaya oturtmağa çalış. Bu gün ABŞ, Avropanı vasitə kimi istifadə edərək Moskvanı öz şərtləri ilə danışıqlara məcbur etmək istəyir. Lakin vəziyyət daha da gərginləşdikcə Moskva öz hərbi və siyasi mövqeyini sərtləşdirir. Rusiyanın yanında isə Çin və Latın Amerikası kimi güclü dövlətlər dayanır. Bu ölkələr həm hərbi, həm siyasi, həm də iqtisadi cəhətdən böyük gücə malikdirlər”. 
 
Ramiyə Məmmədova sonda əlavə edib ki, hazırda faktiki olaraq üçüncü dünya müharibəsi elan olunmasa da, gedişat buna doğru irəliləyir:
 
 “Rusiyanın son mesajları isə daha ciddi və narahatedicidir. Moskva açıq şəkildə bəyan edir ki, əgər təhlükəsizliyinə daha böyük təhdid hiss edərsə, nüvə silahından istifadə etmək məcburiyyətində qala bilər. Bu proseslərin nəticəsi dünyada vəziyyəti tamamilə dəyişə bilər. Qərbin hazırkı siyasəti, dolayısı ilə Rusiyanı nüvə silahından istifadə etməyə təhrik edir. Lakin Rusiyanın bu addımı atıb-atmayacağını zaman göstərəcək. Hələlik Moskvanın nüvə eskalasiyasına getməsi üçün məqam yetişməyib. Əslində, münaqişənin bu qədər uzanmasının əsas səbəblərindən biri də ABŞ və Qərbin atdığı addımlardır. Rusiya bölgədə NATO-nun geri çəkilməsini və Ukraynanın tampon zona kimi qəbul edilməsini istəyir.Lakin bu təklif Qərb tərəfindən qəbul edilmir”.
 
Mehin Mehmanqızı
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər