Dövlət Sərhəd Xidmətinin (DSX) struktur qurumlarında və hərbi hissələrində Zəfər Günü münasibətilə təntənəli tədbirlər təşkil olunub.
Bu barədə Moderator.az-a DSX-nin mətbuat mərkəzindən məlumat verilib.
Bildirilib ki, DSX aparatında, struktur qurumlarında və hərbi hissələrində keçirilən tədbirlərdə Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Vətən müharibəsində qazanılan tarixi Qələbənin Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin müdrik rəhbərliyi, sərkərdə məharəti, xalqımızın birliyi, Silahlı Qüvvələrimizin misilsiz fədakarlığı və qəhrəmanlığı nəticəsində əldə olunduğunu xüsusi vurğulayan DSX-nın rəisi general-polkovnik Elçin Quliyev Zəfər Günü münasibətilə şəxsi heyəti təbrik etib, xidmətlərində uğurlar arzulayıb.
Tədbirdə Vətən müharibəsi zamanı DSX-nin qarşısına qoyulan tapşırıqların layiqincə icra olunduğu bildirilib, keçirilən əməliyyatlarda sərhədçilərin qəhrəmanlıqlarından danışılıb, igidlikləri ilə örnək olan şəhidlərimizin hər zaman ehtiramla xatırlanacağı, qanları ilə yazdıqları tarixi Zəfərin daim uca tutulacağı böyük qürur hissi ilə qeyd edilib.
Bildirilib ki, Azərbaycan xalqının milli ruhunun, əzmkarlığının və torpaqlarımıza sarsılmaz bağlılığının təntənəsi olan Vətən müharibəsi ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün tam təmin edilməsində mühüm tarixi mərhələ kimi yaddaşlara əbədi həkk olunub.
Tədbirin sonunda Böyük Zəfərə həsr olunan “Dövlət xətti” sənədli filmi nümayiş olunub.