Vətən müharibəsi iştirakçısı:
Hərb
250
11:59, Bu gün

Vətən müharibəsi iştirakçısı: "84 döyüşçüdən altı nəfər sağ qaldıq"

"Müharibəni canlı görmək, onu yaşamaq tam başqadır. Qələbəmizlə qürur duyuruq, müharibənin özündən danışmaq isə çox çətindir. Çiyin-çiyinə vuruşduğun yoldaşlarının, dostlarının, qardaşlarının şəhid olmasına şahid olmaq ağırdır".
 
Moderator.az xəbər verir ki, bu sözləri Oxu.az-a müsahibəsində Vətən müharibəsi iştirakçısı, qazi Vüqar Əmrullayev deyib.
 
Vüqar Əmrullayev 1988-ci il martın 13-də Astara rayonu, Şiyəkəran kəndində anadan olub. O, Naxçıvan Muxtar Respublikasında həqiqi hərbi xidmətdə olub və xüsusi təyinatlı qüvvələrdə xidmət edib.
 
Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusu tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlayarkən Vüqar Əmrullayev könüllü şəkildə döyüş sıralarına qatılıb.
 
 
O, 44 günlük müharibədə tank əleyhinə qumbaraatan vəzifəsini icra edib, xüsusi təyinatlı dəstədə vuruşub.
 
- Vüqar bəy, artıq 5 ildir torpaqlarımız azaddır. Müharibəni yaşamış biri olaraq təəssüratlarınızı bölüşərdiniz.
 
- Bundan danışmaq həddən artıq çətindir. Döyüş görən, itki görən bir şəxs kimi müharibənin təəssüratlarından bəhs etmək çox ağırdır. Mən əks-hücum əməliyyatı başlayan gündən könüllü şəkildə Qarabağa yollandım. Həqiqi hərbi xidmətdə olarkən xüsusi təyinatlı qoşunda xidmət göstərdiyim üçün Vətən müharibəsində də eyni qoşunun tərkibində döyüşdüm. Füzuli, Xocavənd, Şuşada döyüşlərdə iştirak etmişəm.
 
 
Füzulidə bir həftə döyüşmüşük. 84 nəfərlə çıxdığımız yolda 6 nəfər sağ qaldıq, 78 nəfər silahdaşımız şəhid oldu. Dostlarım, qardaşlarım, döyüş yoldaşlarım gözümün önündə həlak oldu. Çox çətin anlar idi.
 
Füzulidə "40 metr" deyilən yerdə 5 gün mühasirədə qaldım. Biz ora keçəndə bilmədən 3 kilometr çox irəli getmişdik. Düşmən postda gizlənmişdi, bizi irəli buraxmışdı, elə bilmişdik onlar çıxıb gediblər. Həmin ərəfədə ora bayraq sancmışdıq. Dəstək gəldikdən sonra mühasirədən çıxdıq, düşmən ağ bayraq qaldırmağa məcbur oldu, qaça da bilmədilər.
 
 
- Həmin ərəfədə yaralanmışdınız?
 
- Bəli, Füzulidə döyüşərkən güllə yarası almışdım. Oktyabrın 6-sı yaralandım, yoldaşlar xəstəxanaya gətirdilər. Mənimlə bərabər döyüş yoldaşlarımdan da yaralananlar var idi. Üç gün sonra mən özümə gəldim.
 
 
Qardaşım, bacım yanıma gəldilər. Həkimlər ağır kəllə-beyin travması aldığıma görə döyüşə girməyə icazə vermirdilər. Bacım, qardaşım mənə dedilər ki, başından travma almısan, evə qayıt. Dedim, yox, ev nədir? Mən qayıtmalıyam. Yanımda olan, məni tanıyan yoldaşlarım da deyirdi ki, sən bu vəziyyətdə hara gedirsən? Amma mən yaxşılaşan kimi yenidən döyüşlərə qatıldım.
 
Bu dəfə Xocavənd-Şuşa istiqamətində döyüşməyə başladım. Qırmızı Bazar qəsəbəsində düşmənin minaatan atəşləri nəticəsində yenidən yaralandım. Ağır kəllə-beyin travması və sağ tərəfindən çoxlu qəlpə yaraları aldım.
 
- Döyüşlər günün hansı saatı daha çox şiddətlənirdi?
 
- Səhərə yaxın döyüş şiddətlənirdi. Düşməni məğlub etmək üçün irəliləyirdik. Qarabağın hər bir qarışını azad etməyimiz döyüş əzmimizi, iradəmizi artırırdı. Vaxtilə bu torpaqlarda qardaşlarımızın qanları tökülmüşdü. Bir qarış belə irəliləyiş əldə edəndə sevinirdim. Çünki biz buna layiq idik. Buna da nail olduq. Davamlı olaraq irəliləyirdik. İtkilər versək də, dayanmırdıq. Tək amalımız var idi - torpaqlarımızı azad etmək.
 
- Əsgərlərin döyüş əzmi necə idi?
 
- Əsgərlərin döyüş əzmi çox yüksək səviyyədə idi. Düşmənlə üzbəüz olsaq da, heç kim qorxmurdu. Düşməndən qorxan, qaçan bir əsgər belə olmadı bizim orduda. Onlar bizdən hər zaman zəif olub. Nəinki Qarabağda, dünyanın hər yerində onlar bizdən hər zaman qaçıblar.
 
 
- Qələbə xəbərini necə eşitdiniz, hansı hissləri keçirdiniz?
 
- Mən qələbə xəbərini növbəti dəfə yaralanıb gələndə xəstəxanada eşitdim. Çox qarışıq hisslər idi. Əlbəttə, sevincim ən yüksək səviyyədə idi. Şəhid qardaşlarımızın bu anı yaşaya bilməmələrinə görə isə kədərlənirdim.
Link kopyalandı!
Son xəbərlər