Zelenski təcili Vaşinqtona yollanır – Tramp Kiyevə dağıdıcı raketləri verəcək?
Hərb
544
13:02, Bu gün

Zelenski təcili Vaşinqtona yollanır – Tramp Kiyevə dağıdıcı raketləri verəcək?

Ukrayna prezidenti Vladimir Zelenski cümə günü  yenidən Vaşinqtona gedəcək. Ukrayna liderinin ABŞ prezidenti Trampla görüşəcəyi gözlənilir. “Axios”un məlumatına görə, liderlər Kiyevə hansı silahların verilməsini, o cümlədən “Tomaqavk” raketlərinin ötürülməsi imkanlarını da müzakirə edəcəklər. Liderlərin təcili görüşünü zəruri edən nədir? ABŞ Ukraynaya adıçəkilən raketləri verəcək?
Moderator.az-a açıqlama verən politoloq Azad Məsiyev bildirib ki, Rusiya–Ukrayna münaqişəsi ABŞ-ın strateji planının tərkib hissəsidir. Onun sözlərinə görə, ABŞ-da hakimiyyətə kim gəlməsindən asılı olmayaraq — həm respublikaçılar, həm də demokratlar — bu strategiya qorunmalıdır:
 
“Praktiki gedişlərdə fərqli addımlar atıla bilər, amma strategiya toxunulmazdır. Bayden dövründə başlayan bu münaqişə Tramp tərəfindən də davam etdirilməlidir. Düzdür, Tramp açıq şəkildə bəyan edib ki, bu münaqişəni Bayden yaradıb — yəni Tramp Baydenin varisidir. Bu münaqişənin uzanması Birləşmiş Ştatların maraqlarına uyğundur. Sadəcə, Tramp elə bir görüntü yaradır ki, guya bu münaqişənin sülh yolu ilə həllində maraqlıdır. Əslində, Amerika Avropa ilə Rusiya arasında uzunmüddətli bir münaqişənin — yəni ikinci fazanın — baş verməsində maraqlıdır.Ukrayna prezidenti Trampla danışıqlar aparır ki, ABŞ bütün dəstəyini Ukraynaya versin. Tramp isə açıq şəkildə bildirir ki, o, bu münaqişəyə maliyyə dəstəyi verməyəcək. Trampın məqsədi Avropanı iqtisadi cəhətdən zəiflətmək, avronu dünya valyutası kimi dövriyyədən çıxarmaqdır. Yəni Avropanın maliyyəsi ilə bu münaqişənin uzanmasında Birləşmiş Ştatların xeyri var. Rusiya–Ukrayna münaqişəsi üçün silahlar Amerikadan alınmalıdır, amma Avropa bunu maliyyələşdirməlidir. Hazırda Zelenski Amerikadan strateji silahlar almağa çalışır. Əgər bu silahlar Ukraynaya verilsə, münaqişə daha gərgin mərhələyə keçə bilər. Bu silahlar Ukraynaya hədiyyə edilməyəcək; onların alınması Avropanın maliyyə dəstəyi ilə gerçəkləşə bilər. Əgər ABŞ bu silahları Avropanın maliyyə dəstəyi ilə Ukraynaya satarsa, vəziyyət daha kəskinləşə və Rusiya adekvat cavab verə bilər. Rusiyanın daha kəskin addımlar atması mümkündür və taktiki nüvə silahından da istifadə oluna bilər”.
 
Politoloq başda Birləşmiş Ştatlar olmaqla Qərb münaqişəni aradan qaldırmaq üçün fəaliyyət göstərmədiyinə diqqət çəkib:
 
“Tərəflər münaqişəni körükləməklə daha ağır faciənin baş verməsində maraqlıdırlar. Əgər ABŞ və Qərb bu münaqişəni aradan qaldırmaq istəyirsə, mütləq şəkildə münaqişənin səbəbini müəyyən edib onu aradan qaldırmalıdırlar. Təəssüflər olsun ki, bu gün nəticə — yəni münaqişə — müzakirə olunur, amma nəticəni doğuran səbəb müzakirə edilmir və aradan qaldırılmır. Belə olan təqdirdə münaqişə uzunmüddətli fazaya keçəcək. Münaqişənin həllinə doğru addımlar atmaq istəyirlərsə, mütləq şəkildə Rusiyanın şərtləri qəbul edilməlidir. Çünki Rusiya bu münaqişədə artıq de‑fakto qalib tərəfdir. Rusiya Ukraynanın 20–25 faiz ərazisinə nəzarət edir və hər gün hərbi maşınları Ukraynanın dərinliklərinə doğru irəliləyir. Faktiki olaraq Rusiya hərbi müstəvidə üstünlük qazanıb. Bəli, ABŞ və Qərb koalisiyası psixoloji və informasiya müharibəsində üstünlük sahibidir, beynəlxalq ictimaiyyəti dezinformasiya ilə çaşdırmaq taktikasından istifadə edirlər. Mən hesab edirəm ki, əgər Amerika tərəfindən Ukrayna yeni silahlarla təmin olunarsa, münaqişə daha ağır fazaya keçəcək”.
 
Mehin Mehmanqızı
 
Link kopyalandı!
Son xəbərlər