Raketlər Avropanın qapısında: Rusiya yeni silah gücü ilə balansı dəyişir – Növbəti hədəf hansı ölkədir?
Hərb
1395
11:41, Bu gün

Raketlər Avropanın qapısında: Rusiya yeni silah gücü ilə balansı dəyişir – Növbəti hədəf hansı ölkədir?

Dünyanın ən ölümcül raketlərinin siyahısı açıqlanıb. Siyahıda Rusiya bütün rəqiblərini qabaqlayaraq ilk yerdə qərarlaşıb. Ölkənin arsenalında onlarla strateji və yüksək dağıdıcı gücə malik raket var. Rusiyanın bu qədər güclü raket arsenalına malik olması hansı təhlükələri yaradır? Bu, hazırkı və gələcək müharibələrin gedişatına necə təsir göstərə bilər? Digər ölkələr – xüsusilə ABŞ və Çin – bu silah üstünlüyünə necə reaksiya verə bilər?
Bu barədə Moderator.az-a danışan təhlükəsizlik məsələləri  üzrə ekspert İlham İsmayıl bildirib ki, Rusiyanın hərbi gücə yönəlməsi tarixi ənənədən qaynaqlanır:
“Rusiyanın imperatorlarından III Aleksandrın məşhur bir sözü var: Rusiyanın iki etibarlı müttəfiqi var — ordusu və donanması. Yəni Rusiya tarixən müttəfiqlərə deyil, öz hərbi qüdrətinə arxalanan ölkə olub. Bugünkü vəziyyətdə də bu ənənə dəyişməyib. Rusiya Ukrayna müharibəsində faktiki olaraq yalnız Çin, İran və Şimali Koreya səviyyəsində dəstək alır, amma qlobal miqyasda əsl müttəfiqləri yoxdur. Buna görə də Moskva öz hərbi və xüsusilə raket potensialını gücləndirməyə məcburdur".
 
Ekspertin sözlərinə görə, Rusiya artıq uzun müddətdir ki, dünyadakı strateji balansı pozan raket sistemlərinə sahibdir:
 
“2017-ci ildən etibarən Rusiyanın təxminən 10-a yaxın raket sistemi var idi ki, bunlar qlobal güc balansını dəyişdirirdi. “Sarmat” tipli nüvə daşıyıcıları, eləcə də son illərdə istehsal edilən “Areşnik” və “Kalibr” raketləri yüksək dağıdıcı gücə malikdir. Hətta Çin və ABŞ-la müqayisədə belə, Rusiyanın raket arsenalı daha çox dağıdıcı qüvvəyə sahibdir”.
 
İlham İsmayıl qeyd edib ki, bu vəziyyət gələcək üçün ciddi təhlükələr yaradır:
 
“Rusiya nüvə silahına əl atmadan da böyük dağıdıcı gücə malik raketlərlə hədəfləri vurmaq imkanına sahibdir. Bu, demək olar ki, hər gün Ukrayna ərazisində özünü göstərir. Onlar bu raket zərbələrini az qala "bayram" kimi təqdim edirlər. Əgər Rusiya gələcəkdə yeni müharibələrə başlasa, ilk növbədə postsovet məkanı, NATO-ya üzv Şərqi Avropa və Baltik ölkələri risk altında olacaq.”
 
Ekspert diqqətə çatdırıb ki, Rusiyanın bu raketlərin böyük hissəsini Kalininqradın (Königsbergin) ərazisində yerləşdirməsi Avropa üçün ciddi təhlükə yaradır:
 
“Bu isə Avropaya daha yaxın məsafədən zərbə endirmək imkanını artırır. Rusiya bu raketləri öz ərazisində saxladığı üçün onların istifadəsinə qarşı hər hansı beynəlxalq qadağa mövcud deyil. Yəni istədiyi an bu silahlardan istifadə edə bilər. Təəssüf ki, bəşəriyyət üçün təhlükəli bir dövlətin arsenalında bu qədər dağıdıcı gücə malik raketlərin olması bütün dünya üçün ciddi təhdiddir”.
 
Ekspert hesab edir ki, bu vəziyyət Azərbaycanın da maraqlarını birbaşa təsir edə bilər:
 
“Rusiya bizim qonşumuzdur və bu qədər güclü silah potensialına sahib olan bir ölkə ilə münasibətləri mümkün qədər sabit və normal saxlamaq Azərbaycanın milli maraqlarına uyğundur. 
ABŞ və Çin də Rusiyanın raket üstünlüyünü uzun müddətdir diqqətlə izləyir. Amerika da, Çin də yaxşı bilir ki, Rusiya bu sahədə hələlik öndədir. Hər iki ölkə öz raket sistemlərini modernləşdirmək istiqamətində ciddi işlər aparır. Mənə elə gəlir ki, yaxın illərdə həm ABŞ, həm də Çin bu istiqamətdə Rusiyanı keçməyə çalışacaq. Xüsusilə Amerika bu sahədə daha fəal addımlar ata bilər”.
 
Mehin Mehmanqızı
 
Link kopyalandı!
Son xəbərlər