Avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin birgə bəyannamə imzalaması və iki ölkə arasında sülh sazişinin paraflanması 30 ildən artıqdır ki, davam edən müharibəyə son qoyulması istiqamətində mühüm addımdır.
Moderator.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Azərbaycan müdafiə naziri Zakir Həsənov Ankarada türkiyəli həmkarı Yaşar Gülər və gürcüstanlı həmkarı İrakli Çikovani ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, bu tarixi hadisə Cənubi Qafqazda və daha geniş coğrafiyada yeni əməkdaşlıq imkanları açıb: "Beynəlxalq terrorizm, enerji və nəqliyyat xətlərinin təhlükəsizliyi, kiberhücumlar və iqlim dəyişikliyi kimi yeni yaranan təhlükələr ölkələrin əməkdaşlıq etmələrini və effektiv həll yolları hazırlamasını tələb edir. Üç ölkənin Müdafiə Nazirlikləri arasında əməkdaşlığı daha da inkişaf etdirmək və dərinləşdirmək niyyətindəyik".
Nazir, həmçinin regionun sülh, sabitlik və təhlükəsizliyinə qarşı ortaq mübarizənin əhəmiyyətinə diqqət çəkib.
Z.Həsənov, həmçinin belə görüşlərin artıq ənənəyə çevrildiyini söyləyib: "Üç ölkə lideri arasındakı sıx əlaqələr və müntəzəm təmaslar ölkələr arasında münasibətlərin daha da inkişafını sürətləndirib".
O, həmçinin qeyd edib ki, üçtərəfli görüşdə regionda sülh, sabitlik və təhlükəsizliyə təhdidlərə qarşı birgə mübarizənin vacibliyi vurğulanıb.