Türk dünyası birləşir: Yeni hərbi ittifaqın əsası qoyulur? - Sensasion açıqlamalar
Hərb
428
15:39, Bu gün

Türk dünyası birləşir: Yeni hərbi ittifaqın əsası qoyulur? - Sensasion açıqlamalar

7 oktyabrda keçirilən Türk Dövlətləri Təşkilatının 12-ci liderlər zirvə toplantısında Prezident İlham Əliyev türk dövlətlərinin ordularının Azərbaycanda birgə təlim keçirməsini təklif edib. Bu, TDT çərçivəsində hərbi və təhlükəsizlik əməkdaşlığının gücləndirilməsi istiqamətində atılan önəmli addım kimi qiymətləndirilir.
Türk Dövlətləri Təşkilatı çərçivəsində NATO tipli bir hərbi ittifaq və ya ortaq ordu qurmaq mümkün ola bilərmi? Əgər mümkündürsə, bunun qarşısında hansı çətinliklər və imkanlar durur?Moderator.az-a danışan politoloq Niyaməddin  Orduxanlı deyib ki, Türk Dövlətləri Təşkilatının 12-ci zirvə toplantısının Azərbaycanda keçirilməsi çox önəmli bir hadisədir:
 
"Həmçinin də  Azərbaycanın türk dövlətlərinin yaxınlaşması üçün göstərdiyi səylər müstəsnadır və qürurvericidir.  Biz, böyük türk ailəsinin bir üzvüyük. Türk Dövlətləri Təşkilatı (TDT) regional təhlükəsizliyə, əməkdaşlığa, ən başlıcası üzv dövlətlərin insanlarının rifahına ciddi töhfə verə bilər. Ona görə Azərbaycan çalışır ki, ölkələr daha sıx inteqrasiya olunsun, mədəni, humanitar əlaqələr genişlənsin. Qardaşlıq əlaqələri güclənəcəksə, türk xalqları bir-birinə daha möhkəm tellərlə bağlanacaq. Bizi yalnız qan yaddaşı birləşdirməyəcək. İlk növbədə Anadolu türkcəsi ortaq türk dili kimi bütün ölkələrdə geniş tədris olunmalıdır. Gələcək nəsillərin ünsiyyət problemi olmamalıdır. Niyə Anadolu türkcəsi, çünki bu dildə daha çox insan danışır. Türkiyə bunun üçün daha çox vəsait xərcləməli və səy göstərməlidir. Ümumi bazar yaradılması istiqamətində ilkin addımlar atılmalıdır. Son məqsəd 10 il ərzində Avropa Birliyi modelində İttifaqın yaradılması olmalıdır. Bu istiqamətdə ilk addımı Azərbaycan və Türkiyə ata bilər. Məhz cənab prezident İlham Əliyevin türk dövlətlərinin ordularının Azərbaycanda birgə təlim keçirlməsini çox yüksək qiymətləndiririk və önəmli bir təkilf kimi qəbul edirik. Türk dövlərinin birgə əlaqələri bütün istiqamətdə həyata keçirilməlidir. 400 milyonluq bir türk millətin və böyük çoğrafi ərazini əhahə edəcək bir Türk birliyinin NATO və Avropa birliyi modelində fəaliyyəti həyata keçirməlidir. Avropa Birliyi xristian birlidir. Niyə türk birliyi-TURAN olmasın?!".
Türkiyəli politoloq Hasan Oktay bildirib ki, Azərbaycanın mühüm mərkəzlərindən olan Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının 12-ci zirvəsi əsasən sülh və təhlükəsizlik mövzularına yönəlmişdi:
 
“Toplantıda elektron, hərbi, siyasi və sosial təhlükəsizlik sahələrində güvən məsələlərinin Türk dövlətləri üçün son dərəcə vacib olduğu bütün iştirakçı liderlər tərəfindən vurğulanıb. Ukrayna və Yaxın Şərqdəki münaqişələrin davam etməsi, eləcə də İran və  ABŞ, İsrail arasındakı gərginlik TDT üçün təhlükəsizlik məsələsini ön plana çıxarıb.
Azərbaycan Prezidenti İlham Əliyevin Türk hərbi birliklərinin birgə təlim keçməsi təklifi yaxın günlərdə daha geniş müzakirə olunacaq. Bu, ortaq hərbi təşkilatın formalaşmasının yolunu açacaq. NATO və ya Varşava Paktı tipli bir hərbi ittifaqdan fərqli olaraq, hər bir dövlətin öz ordusunu ən müasir silahlarla təchiz etməsi və birlikdə fəaliyyət göstərə biləcək bir komanda mərkəzinin yaradılması həm maliyyə xərclərini azaldır, həm də daha effektiv nəticələr verir.
Hazırda TDT-nin həll etməli olduğu digər məsələlər olduğundan, ordu məsələsi gələcək toplantılara saxlanılması daha məqsədəuyğundur. Şərq ilə Qərb arasında körpü rolunu oynayan Türk Dövlətləri Təşkilatı sülh, təhlükəsizlik və sabitliyi ön plana çıxararaq, Avropa İttifaqı və ya Şanxay Əməkdaşlıq Təşkilatı kimi dünyada nüfuz qazanacaq yeni bir qurum olaraq prioritetlərini müəyyən etməlidir.
Ortaq ordudan daha çox, ortaq hərbi təşkilatın formalaşdırılması və bütün orduların birlikdə fəaliyyət göstərə biləcəyi bir komanda mərkəzinin yaradılması gözləntilər üçün daha möhkəm və dayanıqlı təməl yaradır”.
 
Mehin Mehmanqızı
 
Link kopyalandı!
Son xəbərlər