“Hərbi qulluqçuların statusu haqqında” qanun bütün Silahlı Qüvvələrə şamil edilir, qanunda mənzil təminatı öz əksini tapıb.
Moderator.az xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında daxili işlər nazirinin müavini Daxili Qoşunların komandanı Şahin Məmmədov “Azərbaycan Respublikasının Daxili Qoşunları haqqında” qanun layihəsinin müzakirəsində deyib.
“Bunun üçün yenidən qanun işləmək və ya “Daxili Qoşunlar haqqında” yeni qanun layihəsinə əlavə etməyə ehtiyac yoxdur. O ki qaldı niyə yalnız Müdafiə Nazirliyinin hərbi qulluqçularına mənzil verilməsi məsələsinə, buna mən münasibət bildirə bilmərəm. Sadəcə, hüquqi normativ sənəd olaraq bunun bu gün hamıya, o cümlədən Daxili Qoşunlara şamil olunması “Hərbi qulluqçuların statusu haqqında” qanunda müəyyən olunub. Bu, qanunda varsa, əlavəyə ehtiyac yoxdur”, - deyə komandan bildirib.
Qeyd edək ki, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında komitə sədrinin müavini Qüdrət Həsənquliyev deyib ki, Daxili Qoşunlar Silahlı Qüvvələrin tərkib hissəsi sayılsa da, ehtiyata buraxılandan sonra onlara mənzillər verilmir.