Bizi sosial şəbəkələrdən izləyin:
"Sövdələşmənin bir hissəsi kəşfiyyat məlumatları ola bilər..."
Pentaqon təsdiq edir ki, İran Ukraynaya qarşı hərbi təcavüzdə istifadə edilməsi üçün Rusiyaya müəyyən sayda qısamənzilli ballistik raketlər verib. Söhbət "Fəth-360" raketlərindən gedir.
Moderator.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirlliyinin spikeri, Hərbi-Hava Qüvvələrinin general-mayoru Pet Rayder brifinqdə bəyan edib. Məlumatı "bbc.com" nəşri yayıb.
"Bu, Ukraynanın daha çoxlu sayda mülki şəxslərinin ölümünə səbəb olacaq", - Rayder bəyan edib və əlavə edib ki, Pentaqon hazırda İranın Rusiyaya verdiyi raketlərin dəqiq sayını açıqlaya bilmir.
Spikerin sözlərinə görə, iranlıların raket tədarükünün müqabilində nələrin əldə etdiyi dəqiq məlum deyil. Pentaqon güman edir ki, sövdələşmənin bir hissəsi kəşfiyyat məlumatı ola bilər.
"Biz görürük ki, rusiyalılar nüvə proqramları, kosmos və Rusiyanın malik olduğu və İran kimi ölkələrə lazım olan digər texnoloji imkanlara aid məlumatlarla bölüşür", - Rayder deyib.
O, həmçinin əmin edib ki, Rusiyanın "şər oxu" adlandırılan Şimali Koreya, Çin və İran nümayəndələri ilə artan əlaqələrini nəzərə alaraq, İrandan raketlərin tədarükünün davam edəcəyini gözləmək olar.
"Böyük ehtimalla, bu, birdəfəlik sərfəli sövdələşmə olmayıb. Bu, Rusiyanın gələcəkdə istifadə etməyə can atdığı imkanlar mənbəyi olacaq", - Pentaqon nümayəndəsi əmin edib.