Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Pərviz Ağakişi oğlu Xəlilzadənin düşmən tərəfindən odlu silahdan açılmış atəş nəticəsində yaralanması barədə Qubadlı Hərbi Prokurorluğuna məlumat daxil olub.
Bununla bağlı Hərbi Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Daxil olmuş məlumat əsasında Qubadlı Hərbi Prokurorluğunun işçiləri tərəfindən izahatlar alınıb, Hərbi Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları ilə birlikdə müvafiq zəruri tədbirlər görülüb, hadisə yerinə baxış keçirilib və digər hərəkətlər icra edilib.
Fakt üzrə Qubadlı Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilərək, icraya yönəldilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.
Hazırda istintaq davam etdirilir, qanunvericiliyin və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərinin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.
17:39
Fevralın 12-də saat 13:37-də Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə atəş açılıb.
“Report”un məlumatına görə, təxribat nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu əsgər Pərviz Ağakişi oğlu Xəlilzadə yaralanıb. Hərbi qulluqçu helikopterlə ixtisaslaşmış tibb müəssisəsinə təxliyə edilib.
Bildirilib ki, baş vermiş hadisə, o cümlədən qarşı tərəfdən atəşin aşılması anı videomüşahidə kameraları vasitəsilə qeydiyyata alınıb.
Hazırda əməliyyat şəraiti sabitdir və bölmələrimizin nəzarəti altındadır.
Qeyd olunub ki, Ermənistan tərəfinin bu növbəti təxribatına görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.