Bizi sosial şəbəkələrdən izləyin:
Müdafiə Nazirliyinin mənimsəməyə görə həbs edilən sabiq vəzifəli şəxslərinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
APA xəbər verir ki, cinayət işi materialları məhkəməyə göndərilib. Cinayət işi Bakı Hərbi Məhkəməsində baxılacaq. Təqsirləndirilən şəxslər - Fikrət Mirzəyev, Mahir Şirvanov və Məlikməmməd Qurbanovun cinayət işləri ayrı-ayrılıqda icraata verilib.
Qeyd edək ki, iki polkovnikə - Fikrət Mirzəyevə və Məlikməmməd Qurbanova qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb. Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Mahir Şirvanova isə 179.4, 341.2.1 və digər maddələr ilə ittiham irəli sürülüb.
Polkovnik Fikrət Mirzəyev nazirliyin Mənzil İstismar İdarəsinin, polkovnik Mahir Şirvanov Satınalmalar və Təchizat İdarəsinin, polkovnik Məlikməmməd Qurbanov isə Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi olub. Hər üç polkovnik 2022-ci ilin əvvəlində həbs ediliblər.
Polkovnik Fikrət Mirzəyev 2020-ci il iyun ayında MN-dəki vəzifəsindən çıxarılıb. M.Qurbanov 27.08.2019-cu il tarixində xidmət keçmənin son yaş həddi ilə əlaqədar olaraq ehtiyata buraxılıb. M.Şirvanov polkovnik M.Qurbanovdan əvvəl bu vəzifədə çalışıb.