Hərb
6973
27 Dec 2021 | 09:20

""Komando" tituluna malik olmaq üçün müvafiq rəngdə bereti və döş nişanı əldə etmək şərtdir"

Komando hərbi hissələrinin sayının artırılması, Vətən Müharibəsində Ermənistan iqtisadiyyatını çökdürməyə istiqamətlənən qərardır...
 
Azərbaycan Ordusunun zamanla çox sayda motoatıcı briqadalarının dağ-komando hissələrinə çevriləcəyini ehtimal etmək çətin deyil...
 
Azərbaycan Ordusu komando hərbi hissələrini düşmənin ehtimal olunan hücum/təxribat istiqmətlərinə yaxın yerləşdirməklə, təhdidlərə reaksiya müddətini minimuma endirməyə nail olub...
 
Sentyabrın 24-də Azərbaycan Prezidenti İ.Əliyev yubileyini Qarabağda, amma ilk dəfə qalib Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı kimi qəhrəman əsgərlərimizlə qeyd etdi. Onun bu xüsusi günü Hadrut qəsəbəsində xidmət edən hərbçilərlə keçirməsi isə Prezidentimizin erməni işğalına son qoyan Silahlı Qüvvələrimizə göstərdiyi diqqətin nümunəsi idi. Hadrut səfəri zamanı Azərbaycan Prezidenti quru qoşunlarının birliklərindən birinin tabeliyində yeni yaradılan komando hərbi hissəsi üçün inşa edilən hərbi şəhərciyin açılışını da həyata keçirdi. Bu hərbi hissənin açılışı ordu quruculuğu istiqamətində aparılan işlərin daim cənab İ.Əliyevin şəxsən diqqət mərkəzində saxladığını nümayiş etdirir.
 
Çatışmazlıqların aradan qaldırılması üçün kritik qərar
 
Azərbaycan ordusunun Müharibədə əldə etdiyi şanlı Qələbə və düşmənin darmadağın edilməsi ilə nəticələnən bu əməliyyatların dərin təhlili az sayda çatışmayan cəhətləri də üzə çıxardı. Müharibənin təcrübəsini nəzərə almaqla, bu nöqsanların aradan qadırılması məqsədilə Ali Baş Komandan Azərbaycan ordusunu Türkiyə ordusunun modelinə uyğun yenidən qurmaq üçün müdafiə nazirinə konkret göstərişlər verdi. Quru qoşunlarının və komando hərbi hissələrinin yaradılması barədə qərar Vətən Müharibəsi başa çatandan sonra qəbul edilib. Bu Müharibədəki Qələbədən sonra Ali Baş Komandan İ.Əliyev Silahlı Qüvvələrin inkişaf strategiyası barədə qəbul etdiyi kritik qərarlardan idi. Onun “Azərbaycanda türk ordusunun kiçik modelini qurulması” barədə qərarı, 2021-ci ilin fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirilən mətbuat konfransında ictimaiyyətə rəsmən açıqlandı. Bu qərar həm mütəxəssislər, həm də vətəndaşlarımız tərəfindən məmnuniyyətlə qarşılandı, çünki, qardaş Türkiyə Silahlı Qüvvələri (TSQ) yarandığı gündən kiçik fasilələri nəzərə almasaq, bu günə qədər daim döyüşlərdə iştirak edir. TSQ-nin iştirak etdiyi bütün əməliyyatlar, o cümlədən “İstiqlal Savaşı”, “Şeyx Səid”, “Ağrı” və “Dersim” əməliyyatları, Koreya müharibəsi, Kipr əməliyyatı, Müttəfiq qüvvələr əməliyyatı, Əfqanıstan müharibəsi, “Günəş” əməliyyatı, İraq əməliyyatı, “Şah Fərat” əməliyyatı, “Xəndək” əməliyyatı, 2015-16 Şırnak münaqişələri, “Fərat Qalxanı”, “Zeytun Budağı”, “Sülh Çeşməsi”, “Bahar Qalxan”, “Pəncə” və s. uğurla nəticələnib. İndiyə qədər Türkiyə əsgəri bir dəfə də olsun döyüş meydanında geri addım atmayıb. Tarixində bir dəfə də olsun düşmənə arxa çevirməyən Türkiyə ordu modelinin qalib Azərbaycan Ordusunda tətbiqi də məhz bu nöqteyi-nəzərdən hər kəs tərəfindən dəstəkləndi. Azərbaycanın da Qarabağda Qələbəmizin təmin edilməsi, hər iki qardaş ölkə arasında inkişaf edən münasibətlər, “Şuşa Bəyannaməsi”, ordularımızın gələcək fəaliyyətlərini uyğunlaşdırmaq üçün strukturları da sinxronlaşdırmaq zərurəti yaratdı. Bu qərarın qəbul edilməsində Türkiyəli məsləhətçilərin və yerli mütəxəssislərin rəyi, qardaş ölkədə hərbi təhsil alan zabitlərimizin təklifləri mühüm rol oynadı. 
 
Komandoları yaratmaqla XTQ resurslarını qoruyuruq
 
Türk ordu modelində keçid zamanı ilk öncə Azərbaycan Silahlı Qüvvələrində quru qoşunları yaradıldı. Əvvəlllər birbaşa Müdafiə Nazirliyinə tabe olan birliklər quru qoşunları komandanlığına verildi. Bu MN-nin mərkəzi idaretmə aparatının yükünü azaltmaqla bərabər quru qoşunlarının birliklərinə müvafiq vəzifələrini müstəqil şəkildə icra etməyə imkan verdi. Ardınca isə yeni yaradılan komando hərbi hissələri yaradıldı. Onların sayı hər ay təlim kurslarının bitməsi ilə davamlı artmaqdadır. Əgər əvvəllər taktiki, operativ və strateji dərinlikdə vəzifələri adətən XTQ yerinə yetirirdisə, indi isə taktiki və operativ dərinlikdə komando hissə və bölmələri, mərkəzi komandanlığın maraqlarında və ya strateji dərinlikdə isə XTQ fəaliyyət göstərəcək. Bu isə vəzifələrin eşalonlaşdırılması həm XTQ resurslarını qorumaq, həm də onlar üçün potensial ehtiyat kadr yetişdirmək baxımından mühüm addımdır. 
 
Komandoların vəzifələri 
 
Adətən uzunmüddətli sistematik təlimlərə cəlb olunan komandolar düşmənə qəfil basqınlar etməklə, pusqu qurmaqla onun qüvvələrini fiziki, taktiki və mənəvi cəhətdən zəiflədir, nəticədə isə motoatıcı hissələrin irəlləməsi üçün münbit şərait yaradır.
 
Komando kursları
 
Komandoların 10 həftəlik Baza kursunu bitirənlər komando adını daşıya bilməz. Baza kursu 10 həftə davam edir və yüngül piyada təlimlərinin daha sərt formasını xatırladır. Bu adı daşımaq və komando tituluna malik olmaq üçün ixtisas kursunu müvəffəqiyyətlə bitirmək və müvafiq rəngdə bereti və döş nişanı əldə etmək şərtdir.
 
Komandoların ixtisas kürsu isə çox çətin kurslardır, məqsədi quru qoşunlarının xüsusi əməliyyatları üçün elit bölmələr hazırlamaqdan ibarətdir. Təlimlər “Görünmədən görmək, ölmədən dönmək” şüarı altında həyata keçirilir. İxtisas kursu 28 həftə davam edir. Kurs 5 mərhələdən ibarətdir:
 
Dərin qar və şiddətli soyuqda döyüş əməliyyatları;
Quru komando əməliyyatları;
Suüstü komando əməliyyatı;
Hava desant əməliyyatı;
Yaşayış məntəqələrində antiterror əməliyyatı.
Fərqlənmə nişanları
 
Komandoların nişanı, şevronu və mavi bereti, Silahlı Qüvvələrdə təlim keçmək üçün seçilən, təlimləri müvəffəqiyyətlə başa vuran zabit, gizir və çavuşlardan ibarət şəxsi heyətə təqdim edilən və onları digərlərindən fərqləndirən atributlardır. Nəzəri və praktiki təlimlər sayəsində əldə edilən qabiliyyətlər nəticəsində komando bölmələrinin şəxsi heyəti, məhdud təminat və təchizat şəraitində belə vəzifəsini uğurla yerinə yetirməyə borcludur. 
 
Birgə təlimlər və kurslar davam edəcək
 
Azərbaycan ilə Türkiyə arasında mövcud olan “Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında” müqavilə çərçivəsində Azərbaycan Ordusunun hərbi qulluqçularından ibarət qruplar müxtəlif vaxtlarda qardaş ölkənin İsparta şəhərində keçirilən komando kursuna yola salınıb. Heyətlərin kursları müvəffəqiyyətlə bitirib ölkəmizə dönməsinə aid məlumatlar apreldə və oktyabrda dərc olunub. Kursların gələcəkdə də davam etməsi gözlənilir. Formalaşan hərbi hissələr Azərbaycanda döyüş hazırlıqlarına davam edir. 
 
Bu vəzifəyə uyğun olaraq demək olar ki, müharibənin başa çatmasından cəmi bir ay sonra intensiv Azərbaycan-Türkiyə hərbi təlimləri keçirilməyə başladı. İl ərzində 7 dəfə birgə təlimlər keçirilib.  Azərbaycan ordusunun hərbçiləri ardıcıl olaraq Türkiyəyə hərbi hazırlıq kurslarına göndəriləcək, təlimdən qayıdan heyətlər isə azad olunan ərazilərdə inşa olunan müasir hərbi hissələrdə yerləşdiriləcək.   
 
Təchizatı
 
Komanadoları digər hərbçilərdən xarici görünüşünə görə mavi beretləri, şevronları və sinələrində daşınan döş nişanları fərqləndirir. Döş nişanları komandonun hansı kurslardan uğurla keçdiyini nümayiş etdirir. Bizim komandoların silahlanmasında yüksək keçicilik imkanlarına malik yüngül zirehli və zirehsiz vasitələr, xizəkli və tırtıllı daşıyıcılar, müasir atıcı silahlar, o cümlədən uzaq mənzilli antimaterial tüfənglər, snayperlər, avtomatlar, pulemyotlar, tapança, tapança-pulemyotlar, qumbaratanlar və s. yer alır. 
Komando birlikləri qarşılarına qoyulmuş vəzifələrin xüsusiyyətlərinə uyğun olaraq lazer tuşlayıcı, gecə görmə gözlüyü, gecəgörmə durbini, termal kamera, siqnal tapançası, tüstü yaradan vasitələr, əl radiostansiyaları, GPS, termal avadanlıqlar, kollimatorlar və s. kimi vasitələrlə təmin edilir.
 
İmkanları
 
Komando briqadaları kifayət qədər yüksək döyüş hazırlığına malikdir, onlar təyinatı üzrə istənilən hərbi vəzifəni icra etməyə qadirdir.  Peşəkar heyətdən ibarət bu hərbi hissəlr quru qoşunlarının imkanlarını kifayət qədər artıracaq. Azərbaycan Prezidenti İ.Əliyevin Milli Ordumuzda türk modelinin tətbiqi barədə qəbul etdiyi qərar yerinə yetirilməkdədir Ümumilikdə türk ordu modelinin qəbul edilməsi həm Milli Ordumuzun, həm də Silahlı Qüvvələrimizin tərkibinə daxil olan digər güc strukturlarını, məsələn Daxili Qoşunları, Dövlət Sərhəd Xidmətini və ya Sahil Mühafizə Xidmətini də əhatə edə bilər. 
 
Bölükdən briqadaya, briqadadan korpusa
 
Birliklər müharibəyə qədər xüsusi vəzifələri icra etmək üçün yalnız bir bölüyə malik idi. Bölük isə artıq ləğv olunan kəşfiyyat taborlarının tərkibində idi. Əvvəl hərbi hissə statusu daşıyan az sayda heyətə malik taborların bazasında yaradılan komando briqadaları həm say, həm təchizat baxımından sələfini bir neçə dəfə üstələyir. Əvvəl korpus komandirinin tabeliyində 1 xüsüsi təyinatlı bölük var idisə, indi onların sayı dəfələrlə artılaraq bridadaya çatdırılıb. Gələcəkdə briqadaların sayı artırıla bilər. 
Yeni yaradılan hərbi hissələr, Vətən Müharibəsində uğurlu döyüş yolu keçən və bazasında yaradıldığı əvvəlki hərbi hissələrin nömrəsini daşıyır. Növbəli şəkildə Türkiyədə uzun müddətli “Komando hazırlığı kursu” keçənlərin bir çoxu əvvəlki hərbi hissədə xidmət edib və döyüşlərdə iştirak edib. 
 
Birliklərin vəzifə və təyinatına uyğun olaraq onun tərkibindəki komando hissələrinin sayı müxtəlif ola bilər. Məsələn ehtiyatda olan birliklərin komando hissələrinin sayı digərlərindən iki dəfə çox olması mümkündür. Oktyabrın 19-da Azərbaycan Ordusunun ilk, 26 noyabrda ikinci, 24 dekabrda isə 3-cü komando hərbi hissəsinin istifadəyə verildiyini nəzərə alsaq, bu günə qədər ən azı üç birliyin komando hərbi hissəsinin formalaşdığını və döyüşə hazır olduğunu deyə bilərik. Bu isə Azərbaycan Ordusunun quru qoşunlarının komando korpusuna malik olduğunu iddia etməyə əsas verir. 
 
Nəticə
 
Türkiyə ordusu təhlükəsizliyin qorunması məsələlərinə və ölkənin coğrafi xüsusiyyətlərinə müvafiq olaraq nizami piyada hissələrinin sayını azaltmaqla bərabər komando və xüsusi təyinatlı hərbi hissələrinin sayını artırması, Azərbaycan Ordusu üçün də tətbiq ediləcəyi gözlənilir. Bu, heç də motoatıcı hissələrin ləğv ediləcəyi anlamına gəlmir.  Piyadaların öz vəzifələri var. Türkiyənin coğrafi şəraitinin və qarşılaşdığı təhdidlərin Azərbaycan ilə eyni olması, komando qüvvələrinin piyada qoşunlardan daha çox əhəmiyyət kəsb etməsi anlamına gəlir.  Əslində türk ordu modelinin tətbiqi, yeni qoşun növünün və komando hərbi hissələrinin yaradılması, ilk növbədə Azərbaycan Ordusunun potensialını artırmaq və Türkiyə Silahlı Qüvvələrinin strukturu ilə uyğunlaşmaya, həmçinin Vətən Müharibəsində tükənən Ermənistan iqtisadiyyatını çökdürməyə istiqamətlənən bir qərardır. 
Azərbaycan ordusu komando hərbi hissələrini həm düşmənin ehtimal olunan hücum/təxribat istiqmətlərinə yaxın, həm də Qarabağın rus sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərinin perimetrini əhatə edəcək şəkildə yerləşdirməklə, hərbi hissənin təhdidlərə reaksiya müddətini minimuma endirməyə nail oluna bilər. Məsələn Kəlbəcər, Laçın, Hadrut və Göranboyun dağlıq ərazilrində yeni komando hərbi hissələrinin yeləşdirilməsi uyğun variant kimi baxıla bilər.
Yeni komando hissələri quru qoşunlarının digər hissələrindən fərqli silah, texnika və avadanlıqlarla təchiz edilir. Azərbaycan Ordusunda 10-a yaxın komando hissələri yaradıla bilər. Birliklərin təyinatından asılı olaraq onlar bir və ya 2 komando hərbi hissəsi ilə komplektləşdirilə bilər. DSX-nın da müvafiq vəzifələri yerinə yetirən hərbi hissələrinin sayının artırılması mümkündür.
 
Nəzərə alsaq ki, Türkiyənin quru qoşunlarında yüngül piyada (dağ piyadası, hava desant piyadası, yüngül piyada, xüsusi əməliyyat və s.) birlik və hissələrin xüsusi vəzifələrini hamısını komando briqadaları öz üzərinə götürüb, o zaman Azərbaycan Ordusunun da zamanla çox sayda motoatıcı briqadalarının komando hissələrinə çevriləcəyini ehtimal etmək mümkündür. Türkiyə Silahlı Qüvvələrində komando və xüsusi təyinatlı briqadalarının vəzifəsi, ştat üzrə general mayor rütbəsi daşıyan şəxslərə həvalə edildiyini də vurğulamalıyam. 
 
Ədalət Verdiyev, hərbi ekspert
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər