Ötən ilin avqustun 7-də Bakı-Qazax magistral yolunun Şəmkir rayonu ərazisində qeydə alınan və 7 nəfərin ölümü ilə nəticələnən dəhşətli qəza ilə bağlı məhkəmə prosesi başa çatıb.
Moderator.az "Teleqraf"a istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə qəza zamanı "Mercedes Sprinter" markalı mikroavtobusun sükanı arxasında olan 1989-cu il təvəllüdlü Abbas Məmmədov 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə "Mercedes Sprinter" markalı mikroavtobusun "KamAZ" markalı yük avtomobili ilə toqquşması nəticəsində baş verib.
Araşdırma zamanı məlum olub ki, mikroavtobus hadisə zamanı həlak olan Arif Bağırova məxsus olsa da, sükan arxasına Abbas Məmmədov keçib. Onun idarə etdiyi avtomobil Qazax istiqamətində hərəkətdə olarkən, Abbas Məmmədov sükan arxasında yuxuya gedib və nəticədə ağır qəza baş verib.
Qəza nəticəsində Şəadət Bayramov (1992), Bəsti Nəbiyeva (1975), Aydın Pənahov (1977), Qızxanım Tomayeva (1962), Kənan Məmmədov (2008), Fəxriyyə Novruzova (1978) və 1966-cı il təvəllüdlü Arif Bağırov həyatını itiriblər. Bundan əlavə, mikroavtobusda olan bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Zərərçəkənlərin məhkəmədə verdikləri ifadələrə görə, mikroavtobusun sürücüsü Arif Bağırov icazə vermədiyi halda, Abbas Məmmədov təkidlə sükan arxasına keçmək istədiyini bildirib. Qəza baş verən zaman isə Abbas Məmmədov hadisəni törədən şəxsin özü olduğunu əvvəlcə inkar edib və digər şəxsləri günahlandırmağa çalışıb.
Eyni zamanda, Arif Bağırovun oğlu da məhkəmədə ifadə verərək bildirib ki, təqsirləndirilən şəxs ilk dəfə atasının yanında köməkçi sürücü kimi yola çıxıb. Abbas Məmmədovun bu səfərə öz istəyi ilə, yoxsa Arif Bağırovun razılığı ilə qoşulduğu barədə onun dəqiq məlumatı olmayıb.
Qeyd edək ki, məhkəmədə bir nəfər istisna olmaqla, zərərçəkənlərin hüquqi varisləri Abbas Məmmədovu bağışlamayıb və ona ən ağır cəzanın verilməsini tələb ediblər.