Tutulan məmur 150 min verib cəzasını azaltmaq istədi, dələduzluqla üzləşdi
Hadisə
376
18:07, Bu gün

Tutulan məmur 150 min verib cəzasını azaltmaq istədi, dələduzluqla üzləşdi

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 5 nömrəli Tibbi-sosial ekspert komissiyasının keçmiş sədri, 8 il müddətinə azadlıqdan məhrum edilən Katib Məmmədov Ali Məhkəmədə cəzasını yüngülləşdirmək istəyərkən dələduzluqla üzləşib.

Moderator.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, Katib Məmmədovun tapşırığı ilə qardaşı İlham Məmmədov Elnur adlı şəxslə əlaqə saxlayıb. O, özünü dövlət qurumlarında ciddi əlaqələri olan şəxs kimi təqdim edərək Katib Məmmədovun cəzasının yüngülləşdirilməsinə kömək edə biləcəyini deyib. Bunun müqabilində isə 150 min manat pul istəyib.

İlham Məmmədov hissə-hissə olmaqla tələb olunan məbləği Elnura verib. Lakin Elnur vədini yerinə yetirməyib. Bundan sonra İ.Məmmədov verdiyi pulu geri istəyib. Elnur aldığı məbləğdən 90 min manat qaytarıb.

Zərərçəkmiş tərəfin hüquq-mühafizə orqanlarına müraciətindən sonra faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanıb. Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə baxılıb.

Müttəhim məhkəmə zamanı verilmiş ittiham üzrə özünü qismən təqsirli bilib. O, iddia edib ki, İlham Məmmədovdan 90 min manat alıb və həmin məbləği də geri qaytarıb.

Zərərçəkmiş tərəf isə israrla bildirib ki, Elnur onlardan 150 min manat alıb. Bu məbləğin 90 min manatını qaytarıb, 60 min manatını isə mənimsəyib.

Məhkəmənin hökmü ilə Elnur 6 il müddətinə azadlıqdan məhrum olunub. Təqsirləndirilən şəxsin üzərində başqa cinayət işinə görə olan cəza hazırkı cəza ilə qismən toplanıb və ona 10 il müddətində azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Elnurun hər iki cinayət işinə görə şübhəli şəxs qismində saxlanıldığı ümumi olaraq 4 gün müddət təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 9 il 11 ay 26 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.

Katib Məməədov 2020-ci ildə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. O, rüşvət alma, vəzifə saxtakarlığı və digər cinayətlərdə ittiham olunaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi isə cəzanı 8 ilə endirib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər