Bu şəxslər cinayət məsuliyyətindən azad ediləcəklər
Hadisə
217
16:50, Bu gün

Bu şəxslər cinayət məsuliyyətindən azad ediləcəklər

Azərbaycanda bəzi şəxslər cinayət məsuliyyətindən azad ediləcəklər.

Moderator.az xəbər verir ki, sözügedən məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan Cinayət Məcəlləsində və "Terrorçuluğa qarşı mübarizə haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Belə ki, terror təşkilatı yaratma, ona rəhbərlik etmə və ya onun fəaliyyətində iştirak etməyə görə cəzalar müəyyənləşir:

Cinayət Məcəlləsinin 102, 214, 214-1, 214-3, 215, 219, 219-1, 219-2, 226, 227, 227-1, 270-1, 277, 278, 280 və 282-ci maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsi məqsədilə terror təşkilatı yaratma, yaxud həmin təşkilata və ya onun struktur bölməsinə rəhbərlik etməyə görə 10 ildən 14 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırma təklif edilir.

Məcəllənin 214-4.2-ci maddəsində (Terror təşkilatına üzv olma və ya onun fəaliyyətində iştirak etmə - yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır - red.) nəzərdə tutulan əməli törətmiş şəxs hakimiyyət orqanlarını vaxtında xəbərdar etməklə və ya başqa üsulla cinayət əməllərinin qarşısının alınmasına, terror təşkilatını yaratmış, ona rəhbərlik etmiş, fəaliyyətində iştirak etmiş və ya onu maliyyələşdirmiş şəxslərin aşkar edilməsinə yardım etdikdə və onun əməlində başqa cinayətin tərkibi olmadıqda, cinayət məsuliyyətindən azad ediləcək.

Bundan başqa, Azərbaycan Respublikasının müdafiə qabiliyyətini, iqtisadi təhlükəsizliyini və elmi-texniki potensialını zəiflətmək məqsədilə əhalinin həyat təminatı və kritik informasiya infrastrukturu obyektlərinin, enerji və nəqliyyat infrastrukturunun, telekommunikasiya şəbəkələrinin, müəssisələrin, qurğuların məhv edilməsinə, zədələnməsinə və ya normal fəaliyyətinin pozulmasına, əhalinin sağlamlığına və ətraf mühitə zərər vurulmasına yönəldilən partlayış, yanğın törətmə, kütləvi zəhərləmə, yoluxucu xəstəliklər yayma, yaxud eyni məqsədlə əməli süni intellekt texnologiyalarından, habelə xüsusi proqram təminatlarından istifadə etməklə törətmə və ya digər hərəkətlərinə görə səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulur.

Həmçinin eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə bir sıra yeni ağırlaşdırıcı hallar tətbiq oluna bilər.

Bu ağırlaşdırıcı hallara təxribatın cinayətkar birlik tərəfindən törədilməsi, fövqəladə və ya hərbi vəziyyət, sosial xarakterli fövqəladə mühit rejimi, habelə kütləvi iğtişaşlar zamanı törədilməsi, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsi, ehtiyatsızlıqdan insan ölümünə və ya digər ağır nəticələrə səbəb olması aiddir.

Qeyd olunan maddələrdə nəzərdə tutulan əməli törədən şəxs hakimiyyət orqanlarını vaxtında xəbərdar etməklə və ya başqa üsulla cinayət əməllərinin qarşısının alınmasına, terror təşkilatını yaratmış, ona rəhbərlik etmiş, fəaliyyətində iştirak etmiş və ya onu maliyyələşdirmiş şəxslərin aşkar edilməsinə yardım etdikdə və onun əməlində başqa cinayətin tərkibi olmadıqda cinayət məsuliyyətindən azad ediləcək.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər