"Abzas Media"nın baş redaktoru Sevinc Vaqifqızı, jurnalistlər Hafiz Babalı, Nərgiz Absalamova və Elnarə Qasımovanın kassasiya şikayətlərinə baxılıb.
Moderator.az "Teleqraf"a istinadla xəbər verir ki, Ali Məhkəmənin qərarı ilə onların şikayətləri təmin olunmayıb.
Bu iş üzrə ittiham olunan "Abzas Media"nın direktoru Ülvi Həsənli, Fərid Mehralızadə və Məhəmməd Kekalovun kassasiya şikayətlərinə Ali Məhkəmədə ayrıca icraatda baxılır.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Hafiz Babalı, Ülvi Həsənli, Sevinc Vaqifqızı, Fərid Mehralızadə 9 il, Məhəmməd Kekalov 7 il 6 ay, Nərgiz Absalamova 8 il, Elnarə Qasımova 8 il il müddətinə azadlıqdan məhrum ediliblər.
Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə onların şikayətləri təmin edilməyib.
"Abzas Media" ilə bağlı cinayət işi üzrə saytın direktoru Ülvi Həsənli 2023-cü il noyabrın 20-də həbs olunub. İstintaqın həmin gün onun evində və "Abzas Media"nın ofisində axtarış apardığı və ofisdən 40 min avro pul tapıldığı bildirilib.
Daha sonra noyabrın 20-də direktor müavini Məhəmməd Kekalov, 21-nə keçən gecə xaricdən qayıdanda hava limanında saytın baş redaktoru Sevinc Vaqifqızı həbs olunub.
Həmin iş üzrə jurnalistlər Nərgiz Absalamova, Elnarə Qasımova və araşdırmaçı jurnalist Hafiz Babalı da həbs edilib.
Təqsirləndirilən şəxslərin hər biri barəsində Cinayət Məcəlləsinin 192.3.2, 193-1.3.1, 193-1.3.2, 206.4, 320.1 və 320.2-ci, 213.2.1-ci maddələri ilə (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq, mütəşəkkil dəstə şəklində cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma, mütəşəkkil dəstə tərəfindən törədilmiş qaçaqmalçılıq, sənəd saxtalaşdırma və saxta sənədlərdən istifadə etmə, mütəşəkkil dəstə halında vergi ödəməkdən yayınma) maddələri ilə ittiham elan edilib.