Sabirabad rayonunda 2007-ci il təvəllüdlü Elnur sevgi münasibətində olduğu Samirəyə (adlar şərti verilib – red.) qarşı intim hərəkətlər etməkdə ittiham olunub.
Moderator.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə ötən il sentyabrın 11-də baş verib. Elnur Tərtər rayon sakini olan 15 yaşlı Samirəni öz razılığı əsasında evlənmək məqsədilə Tərtər şəhərindən Sabirabad rayonunun kəndinə babasının evinə gətirib.
Elnurun barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.
Elnur ittiham üzrə özünü təqsirli bilib. İfadəsində göstərib ki, anası Nahidə, azyaşlı qardaşı Musa və bacısı Kəmalə ilə birlikdə Bakı şəhərində yaşayır: “Atam Rasim anamla təxminən 9 il olar, boşanıb. Amma onunla əlaqə saxlayıram, danışıram. Atam başqa qadınla evlənib, iki övladları var, hər ay bizə 300 manat aliment ödəyir.
Təxminən bir il əvvəl Şəki şəhərində Xan Sarayında təsadüf nəticəsində Samirə ilə tanış oldum, onun instagram sosial şəbəkə səhifəsini aldım. Bir-birimizlə əlaqə saxlayaraq danışdıq. Aramızda sevgi münasibətləri yarandı”.
Elnur qeyd edib ki, Samirənin də ata-anası boşanıb, bir-birinə ailələri barədə məlumat veriblər: “Bu hadisədən təxminən 20 gün əvvəl Lökbatan qəsəbəsinə getdim, Samirə ilə görüşüb söhbət etdik. Onun öz razılığı ilə mobil telefon nömrəsini alıb sındırdım ki, başqa heç kəslə əlaqə saxlaya bilməsin. Samirənin mobil telefonu “Ayfon 15 PRO” olduğu üçün telefonun ayklod vasitəsi ilə instagram sosial şəbəkəsinə daxil olur, orada danışırdıq. O, Tərtər şəhərində nənəsi və adını unutduğum babası ilə yaşayırdı”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, 2025-ci il sentyabrın 10-da saat 22 radələrində sosial şəbəkədə Samirə ilə danışıb: “Samirə bildirdi ki, nənəsi avqustun 18-dən Bakı şəhərinə müalicəyə gedib, babası ilə tək qalır. Tərtər rayonuna gəlməyimi, onu oradan götürərək Lökbatan qəsəbəsində yaşayan anasının yanına aparmağımı istədi.
Dostum Elşənlə Bakı şəhərindən müxtəlif yol maşınları ilə Tərtər rayonuna getdik. Ora sentyabrın 11-də səhər saat 8 radələrində çatdıq. Samirə ilə əlaqə saxladım. Evdən geyim əşyalarını da götürdü və mənimlə Tərtər şəhərində görüşdük. Mən Elşən və Samirə ilə birlikdə Bakı şəhərinə getmək üçün Yevlax rayonunun avtovağzalına gəldik. Bakı şəhəri istiqamətində hərəkət edən tanımadığım taksiyə mindik. Sabirabad rayonununun Qruzma kəndi ərazisində maşından düşdük.
Qarşımıza çıxan avtomobillə kəndə gəldik. Babamın yaşayış olmayan evinə saat təxminən 17-18 radələrində çatdıq. Mən evin boş olduğunu bilirdim. Fikrim Samirə ilə evlənmək idi. Onu bibimin evinə aparacaqdım. Bu barədə bibimlə danışdım. “Qız qaçırtmaq olmaz, gələrsən söhbət edərik, ailəsi ilə danışıb razılıq əldə edərik” dedi”.
Elnurun ifadəsinə görə, bibisi qızla evlənməyinə razı olmayıb və evinə gətirməyinə razılıq verməyib: “Mən, Elşən və Samirə babamın evinin həyətinə, oradan da bağçaya daxil olduq. Babamın bacısı Südabə həyətə gələndə Samirəni görmədi. Samirə bağda gizləndi.
Südabə mənimlə və Elşənlə görüşdü, burada nə gəzdiymizi soruşdu. Dincəlməyə gəldiyimizi dedim. Babam evə nəzarət etməyi Südabəyə tapşırıb, evin açarı da onda olur. Açarı Südabədən aldım. O, getdikdən sonra Samirə evin içərisinə keçdi. Bir qədər sonra Südabə bizə yemək gətirdi. Saat təxminən 19 radələrində Elşən evdən mağazaya alış-veriş etmək üçün getdi. Samirə ilə tək qaldım. Evin yataq otağına keçdik. Orada münasibətdə olmağa başladıq.
Daha sonra hər ikimiz cinsi əlaqədə olmaq istədik. Soyunduq, intim hərəkətlər etdik. Samirə narahat olduğundan dayandırdıq. Sonra digər seksual hərəkətlər etdik”.
Elnur qeyd edib ki, Elşən evə qayıdandan bir qədər sonra Bakıya getmək üçün yola çıxıblar: “Saat təxminən 22 radələrində kənddən yola düzəldik. Yolda tanımadığım “VAZ 2106” markalı avtomobilə əyləşdik. Sürücü bizi yolun yarısınadək bizi gətirdi. Daha sonra “Mersedes” markalı avtomobillə Hacıqabul rayonunun Qarasu qəsəbəsi ərazisinə gəldik.
Yolda sürücü dedi ki, yanınızda azyaşlı qız var, polis çağıracam. Dedim, çağır. Bizi yolda düşürtdü. Olduğumuz yerə polis əməkdaşları gəldi və bizi şöbəyə apardılar. İzahatlarımız alındı, olanları danışdıq. Daha sonra Sabirabad Rayon Polis Şöbəsinə gəldik”.
Elnur ifadəsinin sonunda göstərib ki, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti yoxdur: “Çünki biz bir-birimizi sevirik. Gələcəkdə ailə qurmaq niyyətindəyik. Əməlimin cinayət olacağını düşünməmişəm. Hazırda əməlimdən peşmanam. İlk dəfədir ki, cinayət əməli törətmişəm. Restoranda ofisiant işləməklə anamın, azyaşlı bacım və qardaşlarımın tələbatlarını qarşılayıram. Həbs edilməyimi istəmirəm, həbsdən qorxuram”.
Zərərçəkmiş Samirə ifadəsində bildirib ki, anası və azyaşlı qardaşı ilə birlikdə yaşayır: “Atam anamdan mənim iki yaşım olanda boşanıb. Anam ikinci dəfə Fəqan adlı şəxslə ailə qurub, onkoloji xəstədir, Sədərək Ticarət mərkəzində satıcı işləyir. Atamla hər hansı əlaqəm yoxdur. O, anamı bıçaqla vurduğuna görə həbsdə yatıb. İki dəfə ailə qurub, hər ailəsindən bir qız övladı var”.
Zərərçəkmiş şəxsin sözlərinə görə, təqsirləndirilən Elnurla təxminən bir il əvvəl Şəki şəhərinə toya qonaq gedən zaman Şəki Xan sarayında tanış olub: Elnurla sevgi münasibətim başladı, biz tez-tez mobil telefonla danışmağa başladıq. Mən Tərtər şəhərində nənəm və babam ilə birlikdə yaşayıram”.
Zərərçəkmiş ifadəsinin davamında Elnurla olan münasibətlərindən, onunla Bakı şəhərinə gedərkən Sabirabad rayonunun kəndində aralarında olan intim münasibətdən danışıb: “Elnura dedim ki, qızlıq bəkarətim pozulub. Bildirdi ki, səni sevirəm, səni alacam. Elnurun danışığından məlum oldu ki, məni Bakı şəhərinə, bibisinin evinə aparıb, orada saxlayacaq”.
Cinayət işinə Sabirabad Rayon Məhkəməsində baxılıb. Elnur 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.
Təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilib və həbs qətimkan tədbiri ilə əvəz edilib. O, məhkəmə iclası zalından həbs olunub.