Dəmirçi-Lahıc avtomobil yolu bağlanıb: Son vəziyyət necədir? - VİDEO
Hadisə
283
31 Mar 2026 | 22:55

Dəmirçi-Lahıc avtomobil yolu bağlanıb: Son vəziyyət necədir? - VİDEO

Şamaxı və İsmayıllı rayonlarını əlaqələndirən Dəmirçi-Lahıc avtomobil yolunun 11-ci kilometrliyində baş verən sürüşmə nəticəsində asfalt örtüyü tamamilə yararsız vəziyyətə düşüb. Hadisə ilə əlaqədar sözügedən istiqamətdə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub.

Moderator.az Baku TV-yə istinadən xəbər verir ki, yerli sakinlər ərazinin dağlıq və uçquna meyilli zona olduğunu bildirirlər.

Sakinlərdən birinin sözlərinə görə, əvvəllər baş verən uçqunlar operativ şəkildə bərpa olunsa da, hazırkı vəziyyət olduqca çətindir. Hazırda nə Şamaxı, nə də Lahıc istiqamətindən hərəkət etmək mümkündür, yola üz tutan sürücülər uçqun səbəbindən geri qayıtmalı olurlar.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) verilən məlumata görə, 27, 28 və 29 mart tarixlərində yağan intensiv leysan yağışları nəticəsində Dəmirçi-Lahıc avtomobil yoluna ciddi ziyan dəyib və ərazidəki sürüşmə prosesi aktivləşib. Yolun 11-ci kilometrliyində uzunluğu 40 metr, eni isə 30 metr olan sürüşmə sahəsi yaranıb. Sürüşmənin dərə istiqamətinə doğru uzunluğu təxminən 80-100 metr təşkil edir. Sürüşmə nəticəsində yolun hərəkət hissəsi çiyinlərlə birlikdə təxminən 2-5 metr dərinliyində çöküb.

Agentlikdən bildirilib ki, hazırda yolda nəqliyyatın hərəkəti mümkünsüz olduğu üçün yol bağlanıb. Yaxın günlərdə sürüşmə prosesi dayandıqdan sonra əraziyə ağır texnika və işçi qüvvəsi cəlb olunaraq bərpa işlərinə başlanılacaq. Sürücülərdən xahiş olunur ki, işlər yekunlaşana qədər müvəqqəti olaraq həmin istiqamətdə səfərə çıxmasınlar.

Qeyd edək ki, Dəmirçi-Lahıc avtomobil yolunun ümumi uzunluğu 16 kilometrdir.

 

Link kopyalandı!
Son xəbərlər