Gədəbəydə kişi həyat yoldaşına şiddət göstərdi, amnistiya ilə azad olundu
Hadisə
181
13:34, Bu gün

Gədəbəydə kişi həyat yoldaşına şiddət göstərdi, amnistiya ilə azad olundu

Gədəbəy rayonunda 54 yaşlı kişi həyat yoldaşına şiddət göstərib.
 
Moderator.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə ötən ilin avqustun 28-də rayonun kəndlərindən birində baş verib.
 
1972-ci il təvəllüdlü Azər həmin gün saat 10 radələrində yaşadıqları evlərində arvadı Sevinc (adlar şərti verilib – red.) ilə mübahisə edib. Aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə və münaqişə zamanı əvvəlcə yumruq zərbələri ilə arvadını vurub.
 
Daha sonra qadını yerə yıxaraq bədəninin müxtəlif nahiyələrinə təpik zərbələr yetirib.
 
Azərin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham edilib.
 
İş üzrə izahat verən Azər ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Gədəbəy rayonunun kəndində yaşayır, heç bir yerdə işləmir: “Zərərçəkmiş Sevinc arvadımdır. Avqustun 27-də arvadım ilə qardaşım oğlu Elvinin toyuna getdik. Toy qurtardıqdan sonra avqustun 28-də, gecə saat 2 radələrində evə getdim. Arvadım qardaşım oğlu Elvingildə qaldı. Həmin gün saat 10 radələrində evdə olarkən arvadımın gəldiyini gördüm. Mən bundan əvvəl spirtli içki qəbul etdiyim üçün sərxoş olmuşdum”.
 
Azərin sözlərinə görə, Sevinc evin həyətində olanda axşam birlikdə evə gəlmədiyi üçün əsəbi olduğunu deyib: “Bu zaman Sevinc mənə cavab vermədən evə girdi. Sözlərimə məhəl qoymadığı üçün onun baş və üz nahiyəsindən bir neçə yumruq zərbəsi vurdum. Zərbənin təsirindən Sevinc yerə yıxıldı. Bundan sonra ona bir neçə ayaq zərbəsi də vurdum. Daha sonra Sevinc yıxıldığı yerdən qalxaraq evdən getdi. Bir müddət sonra günorta radələrində Sevincin qardaşına zəng vurdum və Sevincin onlarda olub-olmamasını soruşdum. O, isə Sevincin onlarda olduğunu dedi. Bundan sonra Sevinci evə qaytarmaq istəsəm də, gəlməyə razı olmadı”.
 
Gədəbəy Rayon Məhkəməsinin hökmü ilə ”Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1-ci hissəsinə əsasən təqsirləndirilən şəxsin barəsində olan cinayət işinə xitam verilib. O, cinayət məsuliyyətindən azad еdilib.
 
Təqsirləndirilən şəxsin barəsində sеçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv еdilib.
Link kopyalandı!
Son xəbərlər