DTX-nin ifşa etdiyi 326 milyonluq qaçaqmalçılıq işi üzrə qərar
Hadisə
147
16:20, Bu gün

DTX-nin ifşa etdiyi 326 milyonluq qaçaqmalçılıq işi üzrə qərar

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən istintaqı aparılmış cinayət işi üzrə təqsirləndirilən Elvin Şirinov, Zöhrab Hidayətov və Qaçqın Hümbətovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Moderator.az APA-ya istinadla xəbər verir ki, Sumqayıt Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərar elan olunub: şikayət təmin edilməyib və hökm qüvvədə saxlanılıb.

Xatırladaq ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Elvin Şirinov 8 il, Zöhrab Hidayətov 9 il, Qaçqın Hümbətov isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 192.3.2 və 206.3.2-ci maddələri ilə ittiham olunurlar. Belə ki, Zöhrab Hidayətov müxtəlif hüquqi və fiziki şəxslərə aid məhsulların ölkədən saxta yolla sahibkar kimi qeydiyyatdan keçirdiyi Elvin Şirinovun və Qaçqın Hümbətovun adından ixrac olunmasını təşkil edib. İxrac üçün nəzərdə tutulan bu məhsulların istehsalçılarının guya həmin şəxslər olduğuna dair gömrük orqanlarına saxta sənədlər təqdim olunub. Beləliklə o, xüsusilə külli miqdarda - 326 milyon manatdan çox dəyəri olan məhsulları düzgün bəyan etməyərək xaricə çıxarmaqla qaçaqmalçılıq edib. Bu qanunsuz əməllər eyni zamanda nağd pul vəsaitlərinin ölkədən çıxarılması və geri qaytarılmaması, kölgə iqtisadiyyatı qurulması üsulu olub.

Təqsirləndirilən şəxslərdən Elvin Şirinov barədə bəzi maraqlı detallar mətbuata məlumdur.

Belə ki, ötən illər üzrə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"larına əsasən, əvvəllər, məsələn 2021-ci ildə Elvin Şirinov ümumiyyətlə qeyri-dövlət (özəl) ixracatçı subyektlər sırasında yer almadığı halda, 2023-cü ildə qeyri-dövlət ixracatçı subyektlərin sıralanmasında birdən-birə ilk onluqda birinci yeri tutub.

Belə bir reytinq sıçrayışı mətbu orqanların da diqqətindən qaçmayıb. Kiçik bir torpaq sahəsi belə olmayan 2700187092 VÖEN-li fərdi sahibkar - kənd təsərrüfatı məhsulları ixracatçısı barədə təbii olaraq suallar yaranmışdı.

DTX-də aparılan istintaqla müəyyən olunub ki, Elvin Şirinov digər təqsirləndirilən şəxs Zöhrab Hidayətov tərəfindən qurulmuş kölgə iqtisadiyyatı maxinasiyasının iştirakçılarından yalnız biridir.

Link kopyalandı!
Son xəbərlər