Bərdə rayonundan Qəbələyə istirahətə gələn 29 yaşlı oğlan marketdən oğurluq edib.
Moderator.az Teleqraf-a istinadla xəbər verir ki, Bərdə rayon sakini, 1997-ci il təvəllüdlü Tural Nəcəfov (ad-soyad şərti verilib – red.) Qəbələ şəhərində yerləşən marketlərdən birindən ərzaq alıb, amma pulunu ödəməyib. Aldığı və oğurladığı malları götürərək oradan qaçıb.
Həmin gün Qəbələ Rayon Polis Şöbəsinə gətirilən Nəcəfov inzibati binasının girişində səs-küy salaraq ictimai qaydanı pozub.
Nəcəfovun barəsində İnzibati Xətalar Məcəlləsinin 227 və 510.1-ci maddələri ilə ittiham elan edilib.
İş üzrə izahat verən Tural Nəcəfov ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. İfadəsində göstərib ki, martın 9-dan 10-a keçən gecə həmyerliləri Vüqar və Telman, həmçinin 3 qız tanışı ilə taksidə Bərdə rayonundan Qəbələ rayonuna gəlib: “Qəbələ şəhərində yaşayan dostum Elvinə məlumat vermədən evinin giriş qapısının üzərindən açarı götürdüm və qapını açaraq içəri daxil oldum. Saat təqribən 7 radələrində şəhər mərkəzində yerləşən marketə getdim, yeyib-içmək üçün spirtli içkilər, kolbasa, siqaret, enerji içkiləri, meyvə alaraq kassada həmin məhsulların hesablanmasını tələb etdim.
Kassir 72 manat 90 qəpik ödəməli olduğumu söylədi. Mən satıcıya pulu gətirəcəyimə söz verdim. Aldığım məhsulları götürərək mağazadan çıxdım. Ödəniş etməyib, satıcını aldatdım”.
Təqsirləndirilən şəxs deyib ki, həmçinin satıcının diqqətini yayındırıb, ondan xəbərsiz 1 ədəd “Sobranie kss blue” siqareti, 1 ədəd “Winston xs”, 1 ədəd 250 qramlıq “Black Jack” markalı viski və 1 ədəd “Beliy Volk” markalı araq oğurlayıb: “Evə gəldikdən sonra duş qəbul edib yatdım. Sonra polis əməkdaşları məni şöbəyə dəvət etdilər. Barəmdə polisə şikayət edilməsindən əsəbləşdim. Polis şöbəsinə çatmamış çöl giriş qapısının qarşısında uca səslə qışqırdım, ünvansız nalayiq ifadələr işlətdim”.
Nəcəfov ifadəsində göstərib ki, əvvəllər oğurluq etdiyinə görə Cinayət Məcəlləsinin 177-ci maddəsinə əsasən məhkum edilib.
Qəbələ Rayon Məhkəməsinin qərarı ilə Nəcəfov İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə həmin məcəllənin 39.2-ci tətbiq edilməklə inzibati məsuliyyətdən azad edilib.
Bundan başqa, həmin şəxsin barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilib.
Bundan əlavə İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığı müəyyən edilib. Həmin məcəllə üzrə icraata xitam verilib.