11 il öncə Sabunçuda baş verən sirli qətl - Cinayəti kim törədib?
Hadisə
207
17 Mar 2026 | 23:04

11 il öncə Sabunçuda baş verən sirli qətl - Cinayəti kim törədib?

Evinə oğurluğa getdiyi şəxsi bıçaqlayaraq, onun ölümünə səbəb olmaqda təqsirləndirilən Hüseyn Cəfərovun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Moderator.az Lent.az-a istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Firdovsi Əliyevin sədrliyi ilə keçirilən iclasda prokuror ittiham aktını elan edib.

Təqsirləndirilən Hüseyn Cəfərov ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilmədiyini deyib.

O, ifadəsində hadisə günü tək olmadığını deyib:

"2014-cü ilin noyabr ayı idi. Həmin vaxt çay evi işlədirdim. Sinif yoldaşım Özal dedi ki, qohumu Dubaydan yaxşı bahalı telefonlar, elektronik əşyalar gətirib. Malları da həyətlərindəki qarajda saxlayırlar. Gedib onları oğurlayıb sataq, borc-xərcimizi bağlayaq.

Danışdıq ki, üçümüz - mən, Özal və məhəllə uşağımız Elnurla birlikdə telefonları və elektronik avadanlıqları qarajdan oğurlayaq. Gecənin düşməsini gözləyib həmin evə getdik. Üstümüzdə özümüzlə heç bir kəsici alət götürməmişdik. Həyət çox qaranlıq idi, göz-gözü görmürdü. Alışqanlarımızın işığının köməyi ilə Özal və mən içəri keçdik. Elnura da tapşırdıq ki, çöldə gözləsin, gələn olsa, iki dəfə fit çalıb bizi xəbərdar eləsin.

Elnur həyətdəki kolluqda gizləndi. Biz içəridə üç-dörd dəqiqə qaldıq, nə qədər axtardıqsa, heç nə tapa bilmədik. Çölə çıxanda qarajın böyründən üzünü görə bilmədiyimiz bir qadının "kimsiniz, burada nə gəzirsiniz?", - deyib qışqırığını eşidən Özal dərhal qaçmağa başladı. Mən bir qədər onun uzaqlaşmağını gözləyib ardınca qaçanda kimsə "aha, biri də buradadır" deyib çığırdı. Həyətdən çıxıb qaçanda, gördüm Elnur bir adamla dalaşır. Görünür ki, aradan çıxmağa çalışanda, üz-üzə gəlib o adama yaxalanmışdı. Mən tez qaçıb taksiyə oturdum və məhəlləyə gəldim. Mən heç kimi öldürməmişəm, ölüm işindən xeyli sonra xəbər tutdum. Lakin nə hikmətdirsə, Elnurun adı sonradan işin içindən çıxarılmışdı".

Növbəti proses aprelin 14-ü saat 11:45-ə təyin olunub.

Xatırladaq ki, 2025-ci ildə Sabunçu rayon prokurorluğu və rayon polis idarəsi əməkdaşlarının keçirdiyi istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 11 il əvvəl, 2014-cü ilin noyabr ayında 1977-ci il təvəllüdlü Namiq Naib oğlu Hənifənin qəsdən öldürülməsi müəyyən olunub. Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatına əsasən, həyata keçirilən tədbirlərlə 1990-cı il təvəllüdlü Hüseyn Gülağa oğlu Cəfərovun ictimai-təhlükəli əməlin qarşısının alınması üzrə ictimai borcunu yerinə yetirən Namiq Hənifəyə bıçaqla xəsarətlər yetirərək öldürməsinə əsaslı şübhələr müəyyən olunub.

Hüseyn Cəfərov Cinayət Məcəlləsinin 126.3 -cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub, ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilib. Müstəntiqin vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Sabunçu Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər